Oğru qardaşlar saxlanılıb – VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki çoxmənzilli yaşayış binalarının girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Corat qəsəbə sakinləri olan 3 nəfər saxlanılıb.

ARB TV xəbər verir ki, onların ətrafında aparılan tədbirlərlə bu ilin yanvar ayından aprel ayına qədər olan müddətdə şəhər ərazisində 50-yə yaxın mənzilin su sayğacını oğurlamaları da müəyyən edilib.

Hətta dəstə üzvləri bir gecədə şəhərin 13-cü mikrorayon ərazisində yerləşən binalardan birinin 21 mənzilinin su sayğacını oğurlayıblar.

İfadələrində sayğacları oğurlayandan sonra onların mis və latundan olan hissələrini Sumqayıt şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Oğurlanan su sayğaclarının qırılmış hissələrinin bir qismi isə onların gizlətdikləri yerdən aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin ətrafında aparılan əlavə tədbirlər nəticəsində həmçinin onların Sumqayıtdakı yaşayış binalarında olan 70-ə qədər liftin əyləc dolaqlarını oğurladıqları da məlum olub. Məqsəd isə yenə eyni, əlvan metal əldə edib satmaq.

Saxlanılan şəxs: “Sayğac və liftlərdən başqa, Sumqayıtda televizor, samovar, mis, kabellər götürüb, metal məntəqəsinə satmışıq. Misin kilosunu 6 manatdan satmışıq. Su sayğaclarını qardaşım açırdı, şlankları kəsib götürürdü, daşıyıb aparıb, satırdıq”.

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurluq yolla əldə etdikləri mis və latunu satdıqları metal qəbulu məntəqəsinin sahibi Sumqayıt şəhər sakini Əlisəfa Qurbanov da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcəkdir.

Yeniçağ.az