Oğuz Rayon İcra Hakimiyyətinin məsuliyyətsizliyi şəhid ailələrini ayağa qaldırıb.
Yenicag.az xəbər verir ki, Oğuz rayonu Şəhidlər xiyabanında şəhid məzarlarının üzərinə qoyulmuş əklillər rayon İcra Hakimiyyətinin göstərişi ilə zibilxanaya atılıb.
Əldə etdiyimiz məlumata görə, hansısa bir şirkət rayonun Şəhidlər xiyabanını təmir etmə işini öz üzərinə götürüb. Təmir zamanı şəhidlərin üzərinə qoyulan əklillərin toz olduğunu görən şirkət bundan çıxış yolu kimi həmin əklilləri Şəhidlər xiyabanına bitişik Emin Abdullayev adına 2 saylı məktəbin həyətinə qoyaraq üzərinə də örtük çəkiblər ki, əklillər toz olmasın. Şirkətin bu addımı şəhid ailələrini də razı salıb.
Problem bundan sonra baş verib. Belə ki, bir gün şəhid ailələri məktəbin həyətinə qoyulmuş əklillərin zibil kimi atıldığının şahidi olub. Bundan qəzələnən şəhid ailələri Oğuz Rayon İcra Hakimiyyətinə üz tutublar. Şəhid ailələri xəbər tutub ki, şəhidlərin üzərinə qoyulan əklilləri zibilxanaya atdıran şəxs Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Qurbanov Eyvazın müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yusubov Etibardır. Şəhid ailələri ondan bunun səbəbini soruşduqda isə Yusubov Etibar, “Gedin hara istəyirsiniz, şikayət edin, yaxşı etmişəm”, – cavabını verib.
Oğuz rayonunun ikinci Qarabağ müharibəsində ilk şəhidi Paşayev Məhəbbətin atası Paşayev Vaqif bildirib ki, İcra Hakimiyyətinin bu addımı şəhidlərə qarşı hörmətsizlikdir:
“Kasıblıqla yaşayırıq, övladımızın qəbrinin üstünə zülmlə əklil düzəldib gətirib qoymuşuq. İcra hakimiyyəti onu gətirib zibilliyə atıb. Şəhidə qoyulan hörmət budur? Yuxarı orqanlardan bu məsələyə münasibət bildirməsini xahiş edirik”.
Videokadrlardan da görəcəksiniz ki, zibilliyə əklillərlə yanaşı Azərbaycan və Türkiyənin bayraqları da atılıb. İcra Hakimiyyəti nəinki şəhidinə, heç öz dövlətinə, onun bayrağına da hörmət qoymur.
Səxavət Məmməd