Oğuz rayonunda qanunsuz at kəsimi aşkarlanıb.
Bu barədə Yenicag.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.
Bildirilib ki, alınmış məlumat əsasında DBNX-in Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirilib.
Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib. Lakin “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilini saxlamaq mümkün olmayıb və at kəsimi ilə məşğul olanlar uzaqlaşıblar.
Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilib və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində olan İsmayıllı rayon sakinləri Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.