Oğuzhan Akyener: “ABŞ bölgədə hər zaman Türkiyə kimi bir müttəfiqə ehtiyac duyacaq”.

Türkiyənin Aralıq dənizindəki qazma işləri, bölgədəki gərginləşmiş geosiyasi vəziyyət, S-400-lər ətrafındakı böhran və İran ətrafında daralan çevrəni türk ekspert, TESPAM – Türkiyə Enerji Strategiyaları və Siyasəti Araşdırma Mərkəzinin sədri Oğuzhan Akyenerlə müzakirə etdik.

– Türkiyənin Aralıq dənizində qazma işləri aparması bölgədə mənafe savaşına girmiş super gücləri narahat edir. ABŞ qazma işlərinin durdurulması üçün Türkiyəyə xəbərdarlıq etdi. İsrail və Qərb şirkətlərinin neft və təbii qaz axtarışını rahat bir şəkildə davam etdirdiyi halda niyə Türkiyəyə mane olmağa çalışırlar?

– Hal-hazırda davam edən qlobal sistemin qurucusu olan Qərb ağlı təəssüflər olsun ki, hər zaman İslam dünyasına və bu dünyanı təmsil edən Türkiyəyə qarşı ikiüzlü, eqoist və mənafelərinə görə dəyişən bir siyasət yürüdüb və hələ də bu siyasət davam etdirilir. Müttəfiqlik, işbirlikləri, xoş niyyət kimi şeylər heç vaxt səmimi olmayıb. Buna görə də digər siyasi xüsuslarda olduğu kimi Türkiyənin öz ərazisi olan dəniz sahəsində təbii hakimiyyət haqlarını qorumasından da narahat olurlar. NATO “müttəfiqləri” terror, çevriliş cəhdi, iqtisadi və siyasi əməliyyatların iflası kimi bir çox sahədə rəsmi və ya qeyri-rəsmi olaraq davam etdirdikləri nizamsız hücumlarla Türkiyənin beynəlxalq təhlükəsizliyini təhdid edirlər. Bu, qəbul edilən bir şey deyil. Türkiyə öz dəniz sahəsində istədiyi halda hidrokarbon axtarma fəaliyyətlərini davam etdirəcək. Buna kiminsə mane olma kimi bir haqqı yoxdur. Türkiyəyə istiqamətlənmiş bu söyləmlər heç bir nəticə doğurmayacaq və bu, beynəlxalq hüquq nəzdində də keçərsizdir. Buna görə də bölgədə ən güclü dövlət olan Türkiyə nə özünə, nə də digər məzlum toplumlara qarşı edilən haqsızlıqlara icazə verməmək üçün mübarizəsinə davam edəcək.

– Bu günə qədər Aralıq dənizindəki axtarışlardan müsbət bir nəticə əldə edilməyib. Bəzi mütəxəssislərin fikrincə, burada neft və təbii qaz yoxdur. Super güclər öz iqtisadi mənafelərini müdafiə etmə bəhanəsilə bölgəyə hərbi güclər yerləşdirirlər. Suriya savaşı, Kipr problemi və ABŞ-ın Fələstində oynadığı oyunların bölgəni böyük bir müharibəyə sürüklədiyini düşünənlər də var. Bəs Aralıq dənizində nə baş verir?

– Bu günədək Şərqi Aralıq dənizində edilən axtarışlar şişirdildi və siyasi arqument olaraq istifadə edilməyə çalışıldı. İndiki şəklə baxıldığında Kiprdə, Misirdə və İsrailin dəniz sahələrində bəzi tədqiqatlar aparılıb. Xülasə olaraq bunu deyə bilərəm ki, Türkiyə bölgədə enerji sərmayədarları üçün ən yaxşı müttəfiqdir. İsrailin də, Cənubi Kiprin də öz tapdıqlarını istehsala cəlb edə bilmək üçün Türkiyəyə ehtiyacı var. “EastMed” boru xətti kimi layihələrin iqtisadi olaraq həyata keçməsi mövcud şərtlərlə mümkün deyil. Ümumi yox, yerli şərhlər daha dəqiq olar. Həmçinin, bölgədəki hərəkətliliyi də enerjinin ayağına yazmaq inandırıcı deyil. Kipr isə bu mübarizənin tam mərkəzindədir. Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını hər vəziyyətdə müdafiə edəcək və adadakı hərbi varlığını qoruyacaq.

– S-400 məsələsi hələ də bağlanmayıb. Qərb təzyiqlərini artırır və Türkiyəni bu raketləri almaqdan imtina etdirməyə çalışır. Trampın gerçəkləşdirəcəyi Türkiyə səfərindən sonra bölgədə tarazlıq necə dəyişəcək? ABŞ-ın Türkiyənin yanında özünə etibar qazandırmaq kimi bir istəyi varmı?

– S-400 məsələsi. Bu, tezliklə bağlanacaq bir məsələyə oxşamır. ABŞ təzyiqləri bu minvalla artırmağa davam etsə də, bölgədə hər zaman müttəfiq bir Türkiyəyə ehtiyacı olduğundan müzakirələr daxilində arxa qapını açıq qoyacaq. S-400 sistemini almaq Türkiyə üçün beynəlxalq təhlükəsizlik məsələsidir. Buna heç kimin mane olma kimi bir haqqı yoxdur. Türkiyə NATO “müttəfiqləri” ilə bir mənafe savaşı yaşayanda necə tək qoyulduğunu xatırlayır, bunu dəfələrlə yaşayaraq təcrübə qazanıb. Və bunu da qeyd edək ki, Qərb ağlının daha çox xaosa sürüklədiyi bölgədə sülhün təminatı ancaq və ancaq güclü bir Türkiyədir. Buna görə də hava müdafiə sistemləri və hətta sonrakı addım olan S-500-lər ən vacib politikalar daxilindədir.

– İrana edilən təzyiqlər artmaqdadır. Türkiyəyə və Qafqaza qonşu olan bu ölkədəki iqtisadi dözümsüzlük bölgə iqtisadiyyatına necə təsir edəcək?

– İrana edilən təzyiqlər hər nə qədər ABŞ-ın istədiyi nəticəni əldə etməyə imkan verməsə də, həm İrana, həm də bölgədəki ticarətə mənfi təsirini göstərir. Digər yandan da bölgə ölkələri arasında alternativ ticarət yollarının inkişaf etdirilməsi, yerli pulların ticarətdəki həcminin artırılması kimi imkanlara da qapı aralamaqdadır. Bu səbəbdən də həm Türkiyənin, həm də bölgə ölkələrinin bu vəziyyəti bir fürsət olaraq dəyərləndirib fayda gətirəcək stratagiyalara yönəlməsi yerində atılmış bir addım olardı.

Söhbətləşdi: Qafqaz Ömərov
Tərcümə etdi: Aqil Bəkir