Bu gün rəqqasə-aktrisa Oksana Rəsulova Beynəlxalq Mətbuat Mərkəzində jurnalistləri başına yığıb, “Mələyin öpüşü” adlı filminin təqdimat mərasimini keçirtdi.
Yenicag.az xəbər verir ki, mətbuat konfransı saat 12-yə təyin olunsa da tədbirin səbəbkarları gecikdilər. “Mən Elşad Xoseni gözləyirəm”, deyən Oksana Rəsulova onunla əlaqə saxlayanlara hər dəfə eyni sözləri deyərək, hərəkətinə haqq qazandırmağa çalışdı.
Nəhayət, düz 1 saat sonra zala daxil olan cütlük heç nə olmamış ki, salamlaşaraq oturdular. Yenicag.az-ın müxbirinin “axı jurnalistləri bu qədər gözlətmək olmaz, bu, hörmətsizlikdir” sözlərinə, rəqqasə gülərək belə cavab verdi: “Oldu da..”
Sonra filmin təqdimatına keçən Oksana tədbir boyu Elşadla bir-birinə söz atmaqla yadda qaldı. Filmin dram janrında olduğunu qeyd edən Oksana Elşadın replikası ilə qarşılaşdı.
“Onun özünün həyatı elə başdan-ayağa dramadır”, deyən reperə rəqqasə belə cavab verdi:
“Biz Elşadla 5 ildir ki, ayrılmışıq. Amma düşmən deyilik”.
Cəvahir Səlimqızı