Hacı Məmmədov susduruldu? – Sabiq MTN zabitindən sensasiyalı şərh

“Ömürlük həbs cəzası verilmiş Hacı Məmmədovun 12 ildən sonra intihar etməsi müəmmalı məsələdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsinə münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, bildiyi sirləri açıqlamağa meyillənən Hacı Məmmədovun intiharı ilə bağlı müəyyən detallar nə vaxtsa üzə çıxacaq.

“Əvvəla qeyd edək ki, Hacı Məmmədov sıradan bir cinayətkar deyildi. Hətta deyə bilərik ki, o, çox fenomenal qatil idi. Ancaq o, özü ilə bərabər, bir çox sirləri də apardı. Yəqin ki, o sirlərin bəziləri nə vaxtsa açılacaq.

Görünür, Hacı Məmmədovun uzun müddət MTN-nin təcridxanasında saxlanılması kimlərəsə lazım olub. Xatırlayırsızsa, Hacı oradan çıxandan sonra bəzi açıqlamalar verməyə başlamışdı, nələrisə yenidən danışmaq istəyirdi.

Hər halda, onun MTN-nin təcridxanasından çıxarılaraq, 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi qarşılığında susması umulurdu. Ola bilər ki, Hacının özü susmaq istəmirmiş.

Mən inanmıram ki, ömürlük həbs cəzası kəsilmiş adam 12 illik məhbəs həyatından sonra özünü asmağa qərar versin. Ona işgəncə vermirdilər, susmasından başqa heç nə tələb etmirdilər… Onun özünü öldürməsi mənə müəmmalı görünür.

Əgər Hacı Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama belədirsə, bu fakt elə intihar kimi də qalacaq. Ancaq Hacının ölümü ilə bağlı müəyyən detallar da nə vaxtsa üzə çıxacaq. Hələlik, bundan artıq nəsə demək çətindir”.

A. Zeynalov

COP29