Öldürülməsi planlanan Lənkəranın icra başçısı məhkəməyə çağırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, Bəhruz Əskərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısını öldürməyi planlaşdırmaqda, terror aktlarına hazırlıq görməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Prosesdə icra başçısı Taleh Qaraşovun zərərçəkmiş qismində dindirilməsi istənilib.

Müttəhimin vəkili Nüşabə Ağayeva deyib ki, icra başçısının iclasda ifadə verməsi vacibdir. O, qeyd edib ki, müvəkkili ağır cinayətlərdə ittiham olunsa da, prosesdə zərərçəkmiş şəxsin nə özü, nə də nümayəndəsi iştirak edir.

Dövlət ittihamçısı isə icra başçısının ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə Taleh Qaraşovun növbəti məhkəmə iclasına çağırılması barədə qərar qəbul edib. Hakim bildirib ki, zərərçəkmiş şəxsin növbəti iclasa dəvət olunması üçün ona bildiriş göndəriləcək.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Lakin o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunan Bəhruz Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb. Proses aprelin 1-də davam edəcək.