“YAP namizədləri seçkilərdə partiyanın müəyyənləşdirdiyi vahid platforma ilə çıxış edirlər”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra gözləntilərdən və mümkün dəyişikliklərdən danışan Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin siyahısında yer alan, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Azər Badamov deyib.
Onun sözlərinə görə, parlament seçkiləri ölkə əhəmiyyətli vacib siyasi prosesdir.
“Çünki deputatlığa namizədlər özlərinin platformaları ilə çıxış edir, seçkidə etimad qazanacağı təqdirdə isə necə fəaliyyət göstərəcəkləri barədə seçiciləri inadırmağa çalışırlar. Biz, YAP-ın etimadı ilə seçkilərə qoşulmuşuq. Qeyd etmək lazımdır ki, YAP iştirak etdiyi bütün seçkilərdə qalib gələrək, parlamentdə çoxluq təşkil edən böyük siyasi gücdür. Bu baxımdan, YAP namizədləri seçkilərdə partiyanın müəyyənləşdirdiyi vahid platforma ilə çıxış edirlər.
YAP-ın seçki platformasında müəyyən olunan hədəflər parlament seçkilərindən sonra dövlətin davam etdirəcəyi siyasi kursu ilə üst-üstə düşür. Belə ki, partiyamızın seçkidə şüarı “Yeni dövrə yeni Azərbaycanladır”.
20 sentyabr 2023-cü ildə ölkəmiz ərazilərimizin suverenliyini təmin etməklə nailiyyətlərlə dolu böyük bir dövrü şərəflə başa çatdırdı. İndi biz yeni dövrə qədəmlərimizi qoymuşuq. Yeni dövrə yenidən formalaşacaq parlamentlə daha inamla addımlayacağıq”, – deyə o qeyd edib.
“Parlament seçkilərində YAP-ın müəyyənləşdirdiyi proqrama uyğun olaraq ölkədə ictimai siyasi sabitliyin və təhlükəsilziyin daha da möhkəmkləndirilməsi, milli-mənəvi dəyərlərin gənc nəsillərə aşılanması və qorunması, iqtisadi inkişafın dərinləşdirlməsi, əhalinin sosial rifahının artırılması, “Böyük qayıdış” Dövlət Proqramının uğurla başa çatdırılması, ölkənin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq siyasətin uğurla davam etdirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirlməsi və digər hədəflər icra ediləcək. Bu baxımdan, yeni formalaşacaq parlament ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayacaq, demokratik formalaşan bir qanunvericilik orqan kimi bir fəaliyyəti təqdim edəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli