“Ölkədə 8-10 partiya olmalıdır” məntiqinin nədən qaynaqlandığını söyləmək…” – RƏY

“Partiyaların sayı süni addımlarla yox, təbii proses nəticəsində müəyyənləşməlidir”.

Bu fikirləri ölkədə mövcud olan siyasi partiyaların say həddi ilə bağlı səslənən təkliflərə münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

YZP sədrinin fikrincə, partiyaların sayının optimal həddə düşməsi təbii yolla baş verməlidir:

“Doğrudan da, yeni qanunun tətbiqindən sonra ölkədə fəaliyyət göstərən partiyaların sayı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Son dövrlərdə on beşə yaxın partiyanın öz fəaliyyətini dayandırmasından sonra isə bu barədə konkret rəqəmlərdən bəhs edirlər.

Bir çox ekspert bildirib ki, Azərbaycan kimi ölkələr üçün 8-10 partiyanın mövcudluğu yetərlidir. Bu məntiqin nədən qaynaqlandığı mənə aydın deyil. Böyük ehtimalla onlar əhalinin sayını nəzərə alaraq bunun normal olduğunu düşünüblər.

Ancaq ölkədə altmışa yaxın partiyanın olmasının bir sıra subyektiv səbəbləri də var. O səbəblərin içində siyasi ambisiyadan tutmuş, şöhrətpərəstliyə qədər xeyli nüans var. Bəli, eyni ideologiyaya söykənən partiyaların təmərküzləşməsi yaxşı olardı. Lakin bunu məcburi qaydada etmək olmaz.

Hesab edirəm ki, bu proses təbii yolla getməlidir. Yəni partiyaların sayı süni addımlarla yox, təbii prosesin nəticəsində müəyyənləşməlidir. Yəqin bunun üçün müəyyən zamana ehtiyac var”.

A.Zeynalov