!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə aparılan islahatlar - Yenidən yaranan Azərbaycan və milli təfəkkür...

!Reklam – Yazi

Prezident İlham Əliyev tərəfindən sosialyönümlü iqtisadi inkişaf strategiyasının uğurla inkişaf etdirilməsi nəticəsində Azərbaycan sosial-iqtisadi sahədə yeni mərhələyə qədəm qoyub. Xüsusən də son illər ölkədə aparılan iqtisadi və sosial islahatlar minimum əmək haqqının, minimum pensiyanın, təqaüd və müavinətlərin artırılmasını, eyni zamanda problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini əhatə edib.

Bu islahatlar çərçivəsində diqqət çəkən əsas məsələlərdən biri də kadr məsələsidir və gördüyümüz kimi, ölkə prezidentinin son aylarda apardığı kadr islahatları bütövlükdə yeni nəsil kadr bazasının yaradılmasına istiqamətlənib. Görünür ki, prezident birinci növbədə zamanın tələblərinə cavab verən yeni təfəkkürə sahib olan kadr bazası formalaşdırmağa çalışır. Başladılan islahatların da ana xəttini məhz bu amil təşkil edir.

Yeni kadr bazası deyərkən təbii ki, ilk növbədə, məmur təfəkkürünün xalqın problemlərinə yanaşmasından söhbət gedə bilər. Çünki ölkədə sosial və iqtisadi problemlərin artmasını və yaxud da həllini bu amil müəyyənləşdirir. Azərbaycanda uzun illər boyu talayıcı məmur obrazı yaranıb ki, yeni nəsil kadrların da qarşısında duran əsas məsələ məhz bu imici dəyişdirməkdir. Yəni, ölkə prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, söhbət məmurun xalqa xidmət eləməsindən gedir və yeni kadrlar bu imici formalaşdırmağa çalışmalı, talançı məmur obrazını “xidmətçi” məmur obrazı ilə dəyişməlidir.

İqtisadi islahatlar çərçivəsində Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına dair ciddi addımlar atılıb. Belə ki, strateji yol xəritələri və aidiyyatı dövlət proqramlarında bank sektorunun iqtisadi tələblərə uyğunlaşdırılması, mövcud problemlərin həllinin davamlı inkişafını təmin edəcək yeni addımların atılması əsas hədəflərdən biri kimi götürülüb.

2018-ci ildə iqtisadi artımın bərpası iqtisadiyyatda yeni impuls yaratsa da, bu sahədə də görüləcək çoxlu işlər var. Hər şeydən əvvəl biznes mühiti məmur sahibkarlığından azad olunmalı və rəqabət mühiti formalaşdırılmalıdır. Etiraf etməliyik ki, Azərbaycanın biznes mühitində uzun illər boyu formalaşan məmur biznesi əsas monopolist tərəf kimi çıxış edir. Bu amil ölkədə korrupsiyanın çiçəklənməsinə yol açdığı kimi, həm də qeyri-neft sektoruna xarici və daxili sərmayənin girişini əngəlləyən əsas faktordur. Buna görə də yeni iqtisadiyyat naziri Mikayıl Cabbarovun üzərinə böyük vəzifələr və məsuliyyət düşür. Nazir biznes mühitinin sağlamlaşdırılması və yeni səviyyəyə qaldırılması məqsədilə növbədə məmur biznesinin iqtisadiyyatdakı rolunun minimum səviyyəyə çatdırılması üçün mümkün olan hər şeyi etməlidir. Məlumdur ki, məmur biznesi monopol imkanlarını və imtiyazlarını qoruduqca, Azərbaycanda biznes mühitinin azad rəqabət şəraitində inkişafı mümkün olmayacaq. Buna görə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasının və həm xarici, həm də daxili sərmayənin qeyri-neft sektorundakı payının artması üçün əsas məsələ məmur biznesinin təsirlərini sürətlə minimuma endirməkdən ibarətdir. Bu, yeni iqtisadi siyasətin təməli olaraq qarşıda duran əsas vəzifə kimi dəyərləndirilməlidir.

Bu baş verərsə, reallaşdırılan iqtisadi islahatlar demoqrafik vəziyyətə də öz təsirini göstərəcək. Hər şeydən əvvəl minlərlə insanımız “çörək pulu” dalınca xarici ölkələrə üz tutmayacaq və potensialını ölkəmizə sərf edəcək. Bu, ölkəmizin iqtisadi gücünü artıran faktora çevrilə bilər. Buna görə də iqtisadi islahatlar bərabər şərtlər və azad rəqabət qanunları çərçivəsində həyata keçirilməlidir ki, hər kəs öz imkanlarını dəyərləndirə bilsin.

Biznes mühiti o qədər yaxşılaşdırılmalıdır ki, iqtisadi islahatları hər kəs gündəlik həyatında hiss etməlidir və hər kəs məmur müdaxiləsi olmadan öz kiçik biznesini qurub inkişaf etdirə bilsin. Bu məsələ prezidentin də son illər cəmiyyətə ötürdüyü mesajlarda əsas yer tutub və prezident dəfələrlə bu məsələyə vurğu edib.

Ötən dövr ərzində artan maliyyə imkanlarının ilk olaraq sosial müdafiənin gücləndirilməsinə yönəldilməsi sevindiricidir. Lakin onu da qeyd etməliyik ki, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi sahəsində hələ çox iş görülməli və bu sahədə olan neqativlər öz həllini tapmalıdır.

Son illər “ASAN Xidmət”, “ABAD”, “DOST” kimi layihələr ölkəmizin yeniliklərə, təkmilləşməyə açıq olduğunu və insanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından beynəlxalq səviyyədə müsbət addım kimi dəyərləndirilir. Bu gün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanın inkişaf tempindən razılıqlarını ifadə edir. Eyni zamanda məmurla birbaşa təması aradan qaldıran “ASAN Xidmət” layihəsi bütün dünyada maraqla qarşılanıb və təqdir edilib. Azərbaycanda bu tipli sosial layihələri daha da genişləndirilməli, xüsusən məşğulluq proqramlarında məmur təmasları və müdaxilələri ortadan qaldırılmalıdır. Etiraf etməliyik ki, aztəminatlı ailələrin sosial müdafiəsində hələ də ciddi problemlər qalmaqdadır. Və bu problemlər hökumətin qəbul etdiyi qərarlardan deyil, bilavasitə məmurların yanaşmasından yaranır.

Azərbaycanda məmurun sosial müdafiəyə ayrılan vəsaitlərə “şərik” olması kimi neqativ bir tendensiya mövcuddur və bu tendensiya ortadan qaldırılmalıdır. Bu məsələ də prezident tərəfindən dəfələrlə vurğulanıb və burada önəmli olan orta səviyyə məmurların dəyişdirilməsi vacibdir. Əsas ötürücü kanal olan orta səviyyə məmurlar isə bu gün prezidentin bir çox qərarlarını sabotaj edən əsas zümrə kimi çıxış edirlər. Ona görə də orta səviyyə məmurların dəyişdirilməsi, islahatların uğurla aparılması və sona çatdırılması baxımından çox böyük mahiyyət kəsb edir. Kadr siyasəti tam olaraq orta səviyyə məmurların yenilənməsi ilə öz uğurunu ortaya qoymuş olacaq və bu, həmçinin bütövlükdə islahatların uğurla sona çatdırılmasının əsas zəmininə çevriləcək.

Söz yox ki, sosial islahatlar çərçivəsində aztəminatlı ailələrin, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və digər sahələrdə atılan addımlar öz müsbət təsirini göstərməkdədir. Ölkə başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da əsas hədəflərdən biri olub. Həyata keçirilən sosial-iqtisadi islahatların çoxşaxəli olması ucqar rayonlara yol çəkilməklə turizmin inkişafı, əhalinin rayon mərkəzi və paytaxtla əlaqəsinin yaxşılaşdırılmasında müsbət rola malik olub. Turizm sahəsində çalışacaq kadrların yetişdirilməsi ilə məşğul olan Turizm İnstitutunun yaradılması isə ictimaiyyət tərəfindən təqdirəlayiq hal hesab olunur.

İslahatların əsasını təşkil edən kadr islahatları fonunda isə gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir. Bu addım gənclərin mütəmadi olaraq yeniliklərə can atması, stereotiplərdən uzaqlaşması və yeni yanaşmalara meylli olmasına təsir edən əsas amildir. Nəticədə ölkə və cəmiyyətin xeyri üçün elmi-texniki tərəqqinin nailiyyətləri daha tez mənimsənilir və müasir dövrün tələblərinə uyğunlaşmaq asanlaşır. Ümumilikdə isə idareətmə aparatının cavanlaşdırılması proseslərlə ayaqlaşmaq prizmasından müsbət hal kimi qiymətləndirilir.

Davamlı inkişaf strategiyasına uyğun olaraq ölkə idarəçiliyində yeni beyinlərin ön plana çəkilməsi, xalqın istəyini özündə təcəssüm etdirən qərarların qəbulu, “xalq hakimiyyəti” prinsipindən çıxış edərək atılan addımların əhalinin rifahını yaxşılaşdırılması gözləntisini doğrultmalıdır və atılan hər bir addım təbii ki, xalqın sosial müdafiəsinə, rifahının yüksəldilməsinə xidmət etməlidir. Yeni yaradılan məmur bazası da öz vəzifələrinə bu aspektdən yanaşmalı və doğrudan xalqın “xidməçisi”nə çevrilməlidir. Xüsusən orta və daha aşağı məmur zümrəsi bu mahiyyəti anlamalı və yeni, istismardan kənar təfəkkürlə xalqa və problemlərə yanaşmalıdır. Bu, çox önəmlidir. Çünki orta və daha aşağı məmur zümrəsi dövlətin xalqla birbaşa təmasda olan simalarıdır və bu sima dövlətin xalqa və xalqın dövlətə olan münasibətini formalaşdırır. Buna görə də islahatların daha da dərinləşdirilməsi və ən aşağılara qədər gedib çatması bir zərurət kimi ortaya çıxıb və artıq bu zərurəti ertələmək olmaz. Çünki bu həm islahatları ləngidən, həm də xalqın hakimiyyətə olan inamını müəyyənləşdirən amildir.

Yuxarıda da dediyimiz kimi, islahatların daha da genişlənməsi və uğurlu sona çatması üçün kadr siyasəti əsas faktor kimi çıxış edir və bu faktor həm islahatların, həm də yeni təfəkkürün görünən üzüdür. Eyni zamanda kadr təkcə islahatların deyil, o cümlədən Yeni Azərbaycanın, yeni milli inkişaf səviyyəsinin yaranmasını təmin edəcək.

Ümumilikdə, Azərbaycan tarixinə islahatlar ili kimi düşən 2019-cu ildə yaranan yeni mərhələ Azərbaycanın daha da güclənməsi, sosial və iqtisadi imkanlarının daha da genişlənməsinə yol açıb. Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının islahat prosesində yaxından iştirak etməsi üçün yeni imkanlar yaradılıb.
Bütünlükdə isə 2019-cu il müasir Azərbaycanın siyasi tarixində islahatlar dalğasının əsaslı tətbiqinin davamlı xarakter aldığı bir il oldu. Qarşıdan gələn 2020-ci ildə isə ciddi sosial proqramların icra ediləcəyi, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımların atılacağı gözlənilir. Və bu qarşıdan gələn illərdə tamamilə yeni bir Azərbaycanda yaşaya biləcəyimizdən xəbər verir…

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “SƏLİS Jurnalist” müsabiqəsi üçün yazılıb.

Gülşən Şərif

www.yenicag.az

1011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv