Ölkədə hava şəraitinin qeyri-sabit keçməsinin SƏBƏBİ: “Güclü külək və şimşəklə müşayiət olunan leysan yağıntıların…”

“Şimal dənizləri üzərindən Qafqaza və Xəzər dənizi üzərinə sərin hava kütlələrinin daxil olması dəyişkən sinoptik hava şəraitinin yaranmasına səbəb olub”.

Bu fikirləri Azərbaycanda və qonşu ölkələrdə hava şəraitinin kəskin dəyişməsinin səbəbləri barədə danışan meteroloq Cavid Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava respublikamızın ərazisinin termobarik şəraiti ilə əlaqədardır:

“Şimal dənizləri üzərindən Qafqaza və Xəzər dənizi üzərinə sərin hava kütlələrinin daxil olması dəyişkən sinoptik hava şəraitinin yaranmasına səbəb olub. Bu səbəbdən də yaxın bir neçə gün ərzində ölkə ərazində konvektiv buludluluğun, güclü külək və şimşəklə müşayiət olunan leysan yağıntıların, bəzi ərazilərdə isə dolu hadisəsinin müşahidə olunacağı gözlənilir. Azərbaycanın coğrafi mövqeyi, relyefinin makro və mezoformalarının paylanması xüsusiyyətləri və hipsometrik vəziyyəti, Xəzər dənizinin daha dərin hissələri ilə qonşuluğu, nəhayət, il ərzində bütün istiqamətlərdən müxtəlif fiziki xassəli hava kütlələrinin daxil olması, çox mürəkkəb külək rejiminin yaranmasına səbəb olur. Yayda Qafqaz və Xəzər dənizi üzərində baş verən atmosfer prosesləri, əsasən, qərb və cənub barik mərkəzlərinin təsiri altında və yerli şəraitdə bura daxil olan hava kütlələrinin transformasiyası nəticəsində baş verir”.

İsmayıl Bakuvi

COP29