Ölkədə keyfiyyətli internet PROBLEMİ: Telefon əsaslı bu xətlər tarixə qovuşur

“Bu məsələdə internet provayderlərin də marağı və kefiyyətli xidmət göstərməsi onun vizyonu və xidmət etikası ilə də bağlıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkəmizdə internet sahəsində görülən işlər və diqqət olunması lazım olan məqamlar haqda danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.

Onun sözlərinə görə, dünya ölkələrinin internetə çıxış sürətinin böyük və kiçik olmasının onların qoşulduğu magistral fiberoptik xətlərdən də asılıdır:

“Dünyadakı data trafikinin 99%-i dənizlər və okeanların dibi ilə aparılan kabellərlə mümkün olur. Peyk rabitəsi stabil internet və əlaqə üçün çox uyğun deyil. Dünya ölkələrinin internetə çıxış sürətinin böyük və kiçik olmasının onların qoşulduğu magistral fiberoptik xətlərdən də asılıdır. Ona görə də bəzən ölkələr öz sürətini, bant genişliyini artırmaq üçün birlikdə hərəkət edərək, fiberoptik kabellər çəkirlər və magistral xətlərə daha yüksək sürətlə qoşulurlar. Bu da sürətin artmasına gətirib çıxarır. Okeana bitişik dənizlərə və okeana yaxın ölkələrin şansı kontinental yerləşən ölkələrə görə daha yuxarıdır. Açıq dənizə çıxış üstünlüyünün tarixi müharibələrə səbəb olmasının müasir bir səbəbini burada da görə bilərik. Bütün sürətli internetə sahib olan ölkələrin birbaşa okeana çıxışının olması bir daha göstərir ki, coğrafi faktor əhəmiyyətlidir”.

B.Əliyev qeyd edib ki, Azərbaycanda da fiberoptik kabel strukturunun yenilənməsinin davam edir:

“Azərbaycanda da fiberoptik kabel strukturunun yenilənməsinin davam edir. Artıq bölgələrdə GPON adlanan fiberoptik texnologiyalardan istifadə edilərək, internet xətləri çəkilir. Köhnəlmiş və telefon əsaslı ADSL xətləri artıq tarixə qovuşur. Bəzi ucqar kəndlərdə GPON texnologiya ilə evlərə fiber internet çəkildiyini müşahidə etmək mümkündür. Təbii ki, əskikliklər mövcuddur və ümumi strukturun inkişafına fiber layihələrin həyata keçirilməsinə ehtiyac vardır. İstifadə olunan avadanlıqlar da sürətə uyğun, düzgün təyinatlı və tələb olunan trafikə cavab verə bilməlidir. Qəbul etməliyik ki, fiber kabellərin çəkilişi davamlı gedən prosesdir. Dayanmadan davam etməliyik. Bu məsələdə internet provayderlərin də marağı və kefiyyətli xidmət göstərməsi onun vizyonu və xidmət etikası ilə də bağlıdır. Arzumuz odur ki, bu sferada olan hər bir kəs “əlini daşın altına qoyaraq” müasir tələblərə cavab vermək üçün əlindən gələni əsirgəməyəcək. Biz birlikdə hər növ müsbət inkişaf yolunu keçməyə qadir və potensialı olan bir ölkəyik və davamı olaraq inkişaf üçün çalışmalıyıq”.

İsmayıl Bakuvi

COP29