“Biz ilk növbədə su ehtiyatlarının azalması şəraitində görəcəyimiz tədbirlər haqqında düşünməliyik”.
Bu fikirləri Azərbaycanda su ehtiyatlarının kəskin azalmasının qarşısını almağın yolları haqda danışan ekoloq Rövşən Abbasov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müvafiq təşkilatların vasitəsilə su ehtiyatlarından istifadənin mövcud vəziyyətini daha dəqiq öyrənmək mümkündür:
“Azərbaycanda suya əlçatanlıq və su ehtiyatlarının ümumi həcmi xeyli azalıb. Bu həm iqlim dəyişikliyi ilə, həm də ölkəmizə xarici dövlətlərdən gələn suyun miqdarı ilə bağlıdır. Biz Kür çayının aşağı axınında yerləşirik. Ancaq bu çayın su ehtiyatlarının əsas hissəsi Kürün yuxarı hissələrində – Türkiyə və Gürcüstan ərazisində formalaşır.
Su ehtiyatlarının azalması yalnız Azərbaycanda yox, bir çox ölkələrdə baş verə bilər. Biz ilk növbədə su ehtiyatlarının azalması şəraitində görəcəyimiz tədbirlər haqqında düşünməliyik. Bir mütəxəssis olaraq hesab edirəm ki, Azərbaycanda çay-hövzə təşkilatları yaradılmalıdır.
İri çayların hər biri üçün belə təşkilatlar yardılsa, biz onların araşdırmaları sayəsində su ehtiyatlarından istifadənin mövcud vəziyyətini öyrənmiş olarıq. Hər bir çayda su götürmələri və çirklənmə mənbələri haqqında dəqiq məlumat toplamalıyiq. Məhz bundan sonra yaranan problemləri təhlil etməkə, müəyyən həll yollarını tapa bilərik”.
Nuray Məmmədzadə