“Azərbaycanda elə peşə liseyi var ki, onun təhsil haqqı bəzi universitetlərdən yüksəkdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil müəssisələrində ödənişlərin yüksək olması haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
“Azərbaycanda bakalavriat və magistratura daxil olmaqla, təhsil haqları yüksəkdir. Hələ buraya kollec və peşə məktəblərinin ödənişləri də daxildir. Azərbaycanda elə peşə liseyi var ki, onun təhsil haqqı bəzi universitetlərdən yüksəkdir.
Bununla yanaşı, təhsil haqları təhsilin keyfiyyəti ilə adekvat deyil, uzlaşmır və uyğun da gəlmir. Bizim universitetlərdə ixtisaslı kadr problemi də görünən həddədir. Əksər universitetlərin tədrisi praktikadan kənar, quru nəzəriyyədən ibarətdir. Bu da məzmuna ciddi nəsə qazandıra bilmir”.
R.Fikrətoğlu qeyd edib ki, ölkəmizdə təhsil haqları keyfiyyətə görə deyil, axına görə müəyyənləşdirilir:
“Digər bir məsələ isə təhsilin keyfiyyəti, tələbələrdən tələb olunan təhsil haqları əsaslandırılmır. Bizdə təhsil haqları keyfiyyətə görə deyil, axına görə müəyyənləşdirilir. Bu gün axın hüquqşünaslıq ixtisasına daha çoxdursa, o ixtisasın ödənişi də çoxdur. Sabah axın fəlsəfəyə, ibtidai sinif müəllimliyinə olacaqsa, həmin ixtisasların ödənişi “kəllə-çarxa qalxacaq”. Fikrimcə, bu, anormallıqdır. Qeyd edim ki, Azərbaycanda təhsil ödənişləri 1000-6500 manat aralığında dəyişir”.
Mütəxəssis əlavə edib ki, qonşu ölkələrlə müqayisədə də bizdəki təhsil ödənişləri daha yüksəkdir:
“Məsələn, Türkiyə universitetlərinin əksəriyyətində təhsil haqqı Azərbaycan manatı ilə 100-500 arasında dəyişir. Başqa sözlə, Azərbaycanın bir çox universitetlərinin bir illik təhsil haqqı ilə Türkiyədə bir il həm təhsil ala, həm də yaşam xərclərinizi qarşılaya bilərsiniz. Elə proses buna doğru da gedir. İlbəil xaricdə, xüsusən də Türkiyədə təhsil alan gənclərimizin sayı çoxalır. Çünki xaricə qəbul şərtləri də olduqca asandır. Ölkəmizdə təhsil ödənişlərinin müəyyənləşdirilməsilə bağlı standart mexanizm yoxdur. Azərbaycanda təhsil ödənişlərini, adətən, müəssisələr özləri müəyyənləşdirirlər. Eyni ixtisası fərqli universitetlərdə fərqli qiymətlərlə görürük”.
İsmayıl Bakuvi