Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı M. Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Hökumətlərarası birgə komissiyanın işinə toxunan prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğulayıb. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olunduğunu deyib. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğulayan dövlət başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdiriləcəyini əminliklə söyləyib.
M. Kərbasian isə İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası birgə komissiyanın həmsədri kimi ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu vurğulayıb. Qonaq bu vəzifədə ona göstərilən etimadın və məsuliyyətin öhdəsindən gələcəyinə və ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib:
“Sizin rəhbərliyiniz altında Azərbaycanda əldə edilən uğurlu inkişaf insanı valeh edir. Mən Sizi əldə olunan bu gözəl nailiyyətlər münasibətilə təbrik edirəm”.
Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, səhiyyə, kənd təsərrüfatı, bank, maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.