İndoneziyanın Azərbaycandakı səfirliyi ölkənin tanınmış simaları ilə media nümayəndələrini bir araya topladı.
Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani iki ölkə arasındakı münasibətlərin dərinləşməkdə olduğunu mənunluqla vurğulayıb.
Səfir son illərin statistik göstəricilərinə əsaslanaraq, Azərbaycan-İndoneziya ticari-iqtisadi, elmi-mədəni əlaqələrinin genişləndiyini qeyd edib.
Diplomatın sözlərinə görə, tərəflərin əməkdaşlığa verdiyi önəmin sayəsində qarşılıqlı ticarət dövriyyəsi son bir ildə 2 dəfədən çox artaraq, 46 milyon dollara çatdırılıb.
Hüsnan Bəy Fənani ikitərəfli münasibətlərin inkişafında Azərbaycan gənclərinin iştirkanı və rolunu yüksək qiymətləndirib.
Səfir qeyd edib ki, iki ölkənin münasibətlərində təhsil sahəsi mühüm yer tutur və bu istiqamətdə əməkdaşlığın genişləndirrilməsi üçün mövcud imkanlar dəyərləndirilir.
Qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkən diplomat 2018-ci ildə İndoneziyanın paytaxtı Cakartada Azərbaycan Dili Mərkəzinin açılacağını bildirib.
Gələn ilin payızında Azərbaycanda İndoneziya mədəniyyət günlərinin təşkil olunacağını deyən Hüsnan Bəy Fənani digər səhələr üzrə də müxtəlif proqramların həyata keçiriləcəyini deyib.
Azərbaycan dövləti və xalqı haqqında xoş fikirlər səsləndirən Hüsnan Bəy Fənani iki ölkə arasında münasibətlərin daim yüksəlişdə olacağına inandığını söyləyib.
A.Zeynalov