Ölkəmizdə süni intellekt: Niyə hələdə ənənəvi sistem davam edir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, məşhur dünya şirkətlərinin çoxu süni intellekt sisteminə keçid edib. Belə ki, onlar ənənəvi müştəri xidmətləri əvəzinə robot çatlardan istifadə edir. Azərbaycanda isə çat botlar olsa da, onları adi işçilər cavablandırır.

Bəs bütün dünya süni intellektə keçid edirsə, niyə ölkəmizdə hələ də ənənəvi sistem davam edir? Azərbaycanda nə vaxt süni intellektdən istifadə ediləcək?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu proses dünyada hələ yeni baş verib:

“Ötən ilin sonlarından bəri dünya ölkələri süni intellektə keçid edir. “ChatGPT” robot çatından sonra süni intellekt populyarlaşdı. Azərbaycanda da bu istiqamətdə müəyyən addımların atılmasına şahid olmalıyıq.

Əks halda, ciddi geriləmə müşahidə ediləcək. Dünyanın gedişatı və inkişafı ilə rəqabət apara bilməyəcəyik. Texnologiya ilə ayaqlaşmaq lazımdır.

Bizdə IV Sənaye İnqilabı adlı qurum var. Həmin mərkəz süni intellekt ilə bağlı konsepsiya hazırladığını bildirirdi. Hesab edirəm ki, aidiyyatı qurumlar bir araya yığışıb bu sahədə addım atmalıdır”.

Şahanə Paşa