Türkiyə Böyük Millət Məclisi Ədliyyə Komitəsinin üzvü, MHP-nin İstanbuldan seçilmiş millət vəkili Celal Adan qondarma “erməni soyqırımı”na xatirə lövhələri və abidə qoyanlara sərt reaksiya verib.
Türk deputat Celal Aden “Təhdid Altındakı Xalqlar Cəmiyyəti”nin Almaniyadakı mərkəzinin – GFBV-nin Avropanın fərqli yerlərində “soyqırım” abidələri inşa etməsini Yenicag.az-a şərh edib.
“Türkiyə üçün o söhbət bağlanıb” deyən Celal Aden, “soyqırım” iddialarının tamamilə əsassız olduğunu söyləyib:
“Ölkəmizə qarşı “soyqırım” iftiralarının intensivləşməyə başladığı gündən etibarən biz iddiaları qəti şəkildə rədd etmişik, türk millətinin tarix boyu heç bir millətə qarşı soyqırım həyata keçirtmədiyini dəfələrlə vurğulamışıq. 2013-cü ilin dekabr ayında Avropa İnsan Haqları Məhkəməsi Türkiyənin mövqeyinin doğruluğunu sübut edən qərar qəbul etdi və bu qərar 2015-ci ilin yanvar ayında təsdiqləndi. Məlumdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Avropa Şurasına üzv olan hər bir ölkə üçün qüvvəyə malikdir. Bütün dünya ölkələri kimi Türkiyə də təməl prinsip kimi beynəlxalq qanunvericiliyi əsas götürür. Biz hüquqda yeri olmayan, müzakirəsi əbəs mövzuların kimlərsə tərəfindən istifadə olunmasını etik hesab etmirik. Biz tariximizlə üzləşməkdən qorxmuruq, çünki utanacağımız bir məqam yoxdur. Bunu vaxtilə başqalarına qarşı soyqırım həyata keçirib, bizim ölkəmizi “soyqırım”da günahlandıranlar düşünüb utanmalıdır.”