“COP29 bütün dünyanı narahat etməli olan məqamların müzakirə edildiyi bir tədbirdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq COP29 tədbirinin əhəmiyyəti, habelə onun ölkəmizdə keçirilməsinin vacibliyi ilə bağlı sualları cavablandırıb.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu gün dünyanın ictimai-siyasi mühiti daha çox iqtisadi-siyasi, maliyyə məsələləri, eyni zamanda, hərbi aqressivlik üzərinə fokuslanılar:
“Amma heç kim yaşıl dünya naminə, habelə dünya ekologiyasının gələcəyi məsələlərinə fikir bildirmir. Əslində, bu gün bəşəri, insan və ictimai-siyasi hüquqların ən ümdə qarşısında duran vəzifələrin başında şübhəsiz ki, beynəlxalq iqlim məsələləri dayanır. Çünki ekologiya problemi olan bir bəşəriyyətdə, ümumiyyətlə, ekologiya problemlərinin gələcəyinin pozitiv mənzərəsinin gözlənilmədiyi bir dünyada hər zaman həm ictimai-siyasi, həm də iqtisadi problemlər ön sırada olacaqdır”.
T. İsmayılov əlavə edib ki, Azərbaycan isə belə bir məqamda COP29 kimi böyük bir tədbirə ev sahibliyi edir:
“Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və ölkəmiz bu gün yaşıl enerji, alternativ enerji məhsulları, habelə ətraf mühitə ziyanın azaldılması ilə bağlı qlobal həmrəylik və məsuliyyət şüurunu da ön plana qoyaraq bu məsələdə əlindən gələn bütün cəhdləri etməyə çalışır. Biz daha əvvəl Qoşulmama Hərəkatının sədri kimi bu proseslərdə öncüllük etmişik. Bu gün isə Azərbaycan COP29-a ev sahibliyi edən bir ölkə olaraq ətraf mühit və iqlim məsələlərini daim öz siyasətində öz plana çəkir”.
“Təbii ki, bu tədbirin əhəmiyyəti odur ki, artıq Azərbaycan ətraf-mühitin təhlükəsizliyi və mühafizəsi ilə bağlı siyasətdə dünyanın ən önəmli mərkəzlərindən biri olaraq qəbul edilir və paytaxtımıza təşrif buyuracaq saysız-hesabsız siyasətçilər, media nümayəndələri və QHT fəalları da Azərbaycanın bu reallığını görmüş olacaq”, – fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov