Ölkəni sarsıdan cinayətlər nədən qaynaqlanır? – “Cəmiyyət xeyli aqressivləşib” – Sosioloqdan HƏYƏCAN TƏBİLİ
“Ölkəmizdə mənəvi dəyərləri arxa plana sıxışdıran davranışlara qarşı ciddi ictimai qınaq formalaşdırmaq lazımdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Tovuzda 10 yaşlı Nərminin vəhşicəsinə öldürülməsinə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu bildirib.
Onun sözlərinə görə, bu aqressiyanın artmasının əsas səbəbi cəmiyyətdə mənəvi dəyərlərə olan münasibətdir:
“Hansısa sosial sistemdə, eləcə də ölkədə mənəvi dəyərlər öndə olanda, həmin cəmiyyət özünü ahəngdar şəkildə tənzimləyir. Əksinə, mənəvi dəyərlər arxa plana keçdikcə, gərginlik artır, kriminal hadisələr çoxalır.
Təcili olaraq elə tədbirlər görmək lazımdır ki, mənəvi dəyərlərin cəmiyyətdə oynadığı rol daha üstün olsun. Qloballaşmanın sürətlənməsi ilə cəmiyyət daha da mürəkkəbləşib və həssaslaşıb”.
Sosioloq hesab edir ki, cinayət tərkibli hadisələrin qarşısını almaq üçün ictimai qınaq formalaşmalıdır:
“Son iki əsrdə Qərb ölkələrində sosiologiya, sosial psixologiya, pedaqogika, sosial idarəetmə, sosial iş və s. elmlər formalaşıb. Bu elmlərin imkanlarından istifadə edilməli və yeni texnologiyalar hazırlanmalıdır.
İnsanlar öz üstünlüyünü mənəvi sahədə nümayiş etdirməlidirlər. Ölkəmizdə mənəvi dəyərlərin möhkəmlənməsi üçün yerli, savadlı mütəxəssislərin hazırladığı tövsiyələrə əməl olunmalıdır”.
Gülşən Şərif