Ölkəsi yasda olan sahibkarların rəqqasəli şousu: “Esnaf”, “Kaddeh” kimi restoranlar zəlzələni çox tez “unutdular” – VİDEO
Bildiyimiz kimi, Türkiyədə fevralın 6-sı baş verən zəlzələ səbəbilə 35 mindən çox insan həlak olub. Hal-hazırda qardaş ölkədə matəm elan edilib.
Ölkəmizdə rəhbərliyi azərbaycanlılar olan bütün iaşə obyektlərində canlı musiqilər və rəqslər bir müddətlik təxirə salınıb. Bakının ən məşhur, turistlərin ən çox ziyarət etdiyi Fəvvarələr meydanında yerləşən bəzi kafelər, gecə klubları və restoranlarda əyləncəli rəqslər və musiqilər yığışdırılıb.
Amma rəhbərliyi Türkiyə vətəndaşlarından ibarət olan bəzi məkanlarda fevralın 14-də müxtəlif əyləncələr təşkil olunub.
Dünən “Esnaf Baku” adlı restoranda rəqqasələr, DJ-lər və müğənnilər çıxış edib, hətta müxtəlif rəqs şouları belə baş tutub. Tanınmış rəqqasə Renka (Rəna Ağamuradova – red) gecənin xüsusi qonaqlarından biri olub. Sözügedən anları Yenicag.az-ın xüsusi müxbiri qeydə alıb.
Bundan əlavə, “Şazeli sahne” adlı məkanda da vəziyyət fərqli olmayıb. Belə ki, müğənnilər dəvət edilib və orkestrin sədaları altında canfı ifalar səsləndirilib. Ümumiyyətlə, obyektin “Instagram” səhifəsində aktiv olaraq paylaşımlar edilir və hər gün fərqli məşhurlar dəvət olunur.
Belə hallardan biri də “İstanbul meyhane Baku”da baş verib. “Sevgililər günü” münasibətilə oriental rəqs şousu baş tutub, həmçinin “OLD Baku Dance Group” adlı qrup da çıxış edib.
Həmin məkanların sosial şəbəkə səhifələrində xeyli tənqid xarakterli şərhlər yazılıb.
İstifadəçilərin böyük bir qismi Türkiyədə bu qədər itki yaşanarkən əylənməyin doğru olmadığını bildirib.
Sadalananlardan əlavə, şəhərdə rəhbərliyi türk olan bir çox restoranlarda da eyni situasiya yaşanıb.
Belə bir çətin gündə müəyyən qədər musiqili şoulara ara vermək olar. Ən azından, vəfat edən insanların ailələrinə, yaxınlarına və dostlarına hörmət əlaməti olaraq bu addımı atmaq olar. Restoranlar bir müddətlik əyləncə şoularını təxirə salsa, heç kəs müflis olmayacaq.
On vilayət dağıldı, həmin o vilayətlərin içində bəlkə də nə qədər ailələr bütünlüklə yox oldu… Xeyli analar övladını, xeyli körpələr anasını itirdi.
Belə bir zəlzələnin yaşanması faciədir, 35 mindən çox insanın həlak olması asanlıqla unudacağımız, deyib güləcəyimiz, əylənəcəyimiz hadisə deyil!
Şahanə Paşa