!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ölkəyə xarici sərmayə axınını artırmaq üçün..." - Ekspertdən çıxış yolları

!Reklam – Yazi

Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün müəyyən addımlar atır. Bu addımlar fonunda həmin sahəyə xarici sərmayənin cəlb edilməsi də nəzərdə tutulur. Lakin görünən odur ki, hələ də xarici investorlar, müəyyən kiçik nüansları çıxmaq şərtilə Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırımı baxımından elə də ciddi maraq göstərmirlər.

Görəsən, buna səbəb nədir?

Məsələni Yenicag.az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, xarici sərmayənin əsaslı şəkildə axınına nail olmaq üçün birinci növbədə biznes mühiti liberallaşdırılmalıdır:

“Azərbaycanda həqiqətən də qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsini istəyiriksə, biznes mühitinin liberallaşdırılmasına daha çox diqqət yetirməliyik. Bu istiqamətdə addım atılarsa, proses daha çox xarici sərmayə axınına səbəb olacaq.

İkinci bir tərəfdən, xarici sərmayədarlar üçün hüququn aliliyi daha önəmlidir. Ona görə də hüququn aliliyinin təmin edilməsinə nail olmalıyıq. Məhkəmə sisteminin rekonstruksiyası aparılmalı və investor inandırılmalıdır. İnam olduğu təqdirdə, Azərbaycan iqtisadiyyatına yönələn xarici sərmayə də artacaq. Həmçinin, vergi siyasətinin yenidən işlənib hazırlanmasına ehtiyac var. Çünki ölkəmizdə vergi yükü kifayət qədər yüksəkdir. Kommersiya gəlirlərində 39,8 faizə qədərdir. Belədə gəlirlərin təxminən 25 faizi ətrafında fiskal yükü artır. Halbuki, Azərbaycan resurs ölkəsidir və gəlirlərinin 55 faizindən çoxu hələ də neftdən formalaşacaq. Belə bir şəraitdə vergi siyasətinin yenidən işlənməsinə ehtiyac vardır ki, xarici investor bura sərmayə qoymaqda daha çox maraqlı olsun. Bununla bağlı mesajlar artıq Vergilər Nazirliyinə, xüsusən də yeni nazir təyin olunandan sonra çatdırılıb.

Vergi bazasının genişləndirilməsi yolu ilə vergi yükünün azaldılması fonunda itkilərin qarşısı müəyyən qədər alınmalıdır. Uzunmüddətli dövrdə vergi yükünün azaldılması, Azərbaycan üçün biznesin liberallaşması və kölgə iqtisadiyyatının azaldılması son nəticədə vergi mənbəyi hesabına dövlət büdcəsində fiskal gəlirlərin artımına şərait yarada bilər. Amma indiki dövrdə bu yükü azaltmaq lazımdır. Ölkədə gəlirlərin əsas hissəsi vergidən formalaşır, amma kommersiya gəlirlərində vergi yükü 40 faizə yaxındır ki, bu da ölkəyə sərmayə axınına heç də yaxşı təsir göstərmir.

Sadaladığım bu istiqamətlərdə addımlar atılarsa, ölkəyə, xüsusən də onun qeyri-neft sektoruna xarici sərmayə axını da artacaq. Əks halda, indi olduğu kimi, ənənəvi formada kiçik xarici investisiya axınını da müşahidə etməkdə davam edəcəyik. Hansı ki, həmin investorlar da bir neçə ildən sonra müxtəlif kənar müdaxilələr nəticəsində ölkəni tərk etməli olacaqlar”.

www.yenicag.az

1751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv