“Ölülər”ə hələ də “Dirilik suyu” daşıyan böyük insan: Mirzə Cəlil – 148

Bu gün bütün həyatını milləti cəhalət zülmətindən çıxartmağa, onun maariflənməsinə həsr etmiş böyük Mirzə Cəlilin doğum günüdür.

Azərbaycanda maarifçilik hərəkatının ən görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) anadan olmasının 148-ci ildönümüdür.

22 fevral 1869-cu ildə Naxçıvanda anadan olan Mirzə Cəlil ibtidai təhsilini başa vurduqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olub. Seminariyanı 1887-ci ildə bitirən gələcəyin böyük ədibi bir müddət İrəvan quberniyasının bəzi kəndlərində müəllim işləyib. İlk bədii əsərlərini də bu dönəmdə yazan Mirzə Cəlil daha sonra Tiflisə qayıdaraq, fəaliyyətini jurnalistika sahəsində davam etdirib.

Təhsil aldığı və müəllim işlədiyi dövrdə xalqın içində cəhalətin tüğyan etməsindən ciddi narahat olan ədib öz əsərlərində sosial problemləri ən qabarıq şəkildə göstərməyə çalışır. Çar rejiminin milli hüquqları məhdudlaşdırdığı bir dönəmdə xalqın nicatının maarifdə, savadlanmaqda olduğunu bütün ciddiliyi ilə başa düşən Mirzə Cəlil bu istiqamətdə daha qətiyyətli mübarizə aparmaq qərarına gəlir. Nəticədə, ilk sayı 1906-cı il aprelin 7-də işıq üzü görən və bütün İslam dünyasında fırtına qoparan “Molla Nəsrəddin” satirik jurnalının əsasını qoyur.

Tiflisdə yaşayan mütərəqqi Azərbaycan ziyalılarını öz ətrafına toplamağa nail olan Mirzə Cəlil dövrün ictimai-siyasi, sosial-məişət problemlərini ən kəskin formada işıqlandırırdı. Zəngin olmayan naşir məhdud maddi imkanları ilə həm jurnalı maliyyələşdirir, həm də Mirzə Ələkbər Sabir başda olmaqla, digər ziyalılarımıza daim dəstək olur.

Bu mübarizlik nəticəsində çar məmurları jurnalın fəaliyyətini bir neçə dəfə dayandırmışdılar. Rusiyada 1917-ci ildə baş verən Fevral inqilabı və oktyabr çevrilişləri “Molla Nəsrəddin”in fəaliyyətinə də təsirsiz ötüşmür. Jurnalın nəşrini çətinliklə də olsa, davam etdirən ədib 1920-ci ilin iyununda məcburiyyətdən Təbrizə köçür və “Molla Nəsrəddin”in 8 sayı orada işıq üzü görür.

Nəriman Nərimanovun israrlı dəvəti ilə Sovet Azərbaycanına qayıdan Mirzə Cəlil “yağışdan çıxıb yağmura düşür”. Bolşeviklərin ciddi nəzarəti altında fəaliyyət göstərmək məcburiyyətində qalsa da, yeni quruluşun eybəcərliklərini, Azərbaycanın necə amansızlıqla istismar olunduğunu, ziyalı təbəqənin məhv edildiyini satirik dillə tənqid atəşinə tutur. Əlbəttə ki, bu tənqidlərdən hiddətlənən sovet məmurları “Molla Nəsrəddin”in susdurulması üçün bütün vasitələrə əl atırlar və sonda buna nail olurlar.

Ancaq Mirzə Cəlilə qarşı hücumlar bununla da dayanmır. Onun quru nəfəsini belə özü üçün təhlükə sayan sovet hakimiyyəti ədibi məişət problemlərinin məngənəsinə salır. Ömrünün son dönəmi böyük sıxıntı içində keçən publisist yaşadığı şəraitsiz mənzildə soyuqdan donmamaq üçün hətta qiymətli əlyazmalarını belə yandırmalı olur. Mənəvi iztirablar içində olan böyük insan soyuq qış günündə – 1932-ci il yanvarın 4-də həyatla vidalaşır.

Doğrudur, Sovet hakimiyyətinin növbəti illərində Mirzə Cəlilin adının əbədiləşdirilməsi, əsərlərinin toplanaraq, nəşr olunması istiqamətində müəyyən addımlar atılır. Lakin bütün hallarda onun öz layiqli qiymətini aldığını düşünmək üçün əsas yoxdur.
Çox təəccüblü və acınacaqlı haldır ki, Azərbaycanın müstəqilliyinin bərpa olunduğu son 25 ildə də Mirzə Cəlilə qısqanc münasibətin aradan qalxmadığını görürük. Sanki hansısa gizli qüvvə millətin cəhalət burulğanından çıxmasından ötrü ömrünü şam kimi əridən bu böyük insanın adının və fəaliyyətinin anılmasına, örnək kimi təbliğ olunmasına imkan vermir.

Doğrudur, bir çox dəyərli alimimiz Mirzə Cəlil irsinin araşdırılması işinə ciddi töhfələr veriblər. Ancaq bu fəaliyyət yazıçı-publisistin gerçək dəyəri ilə münasib deyil və Mirzə Cəlilin yeni nəslin gözünə-yaddaşına yaxın buraxılmaması tendensiyası davam edir.

Mirzə Cəlilin əhəmiyyətini saxlayan başlıca məqam onun yaradıcılığının çiçəkləndiyi vaxtda – 100 il əvvəl aktual olan problemlərin indi də mövcud olmasıdır. Onun əsərlərini oxuyan hər kəs tənqid olunan hadisələrin bir əsr əvvəl, yoxsa bu günlərdə baş verdiyini fərqləndirmir. Yəni vəziyyət Mirzə Cəlilin 100 il əvvəl “qamçıladığı” kimi qalmaqdadır.

Çox maraqlıdır, Mirzə Cəlil bu gün aramızda olsaydı, hansı münasibətlə üzləşərdi? Birmənalı cavab bundan ibarətdir ki, Çar və Sovet hökumətlərinin amansızlıqla təqib etdiyi ədib bu gün də dözülməz mənəvi təzyiq altında qalacaqdı. Bu cavab ölkədə tənqidə, obyektiv mövqeyə ümumi yanaşma tərzi ilə şərtlənir. Hamımızın görüb-bildiyi problemləri özünəməxsus tərzdə ustalıqla qələmə alan Mirzə Cəlil yazacağı felyetonu haradasa dərc etdirə bilərdimi? Ona tribuna verməyə cəsarət edən media orqanı tapılardımı? “Mirzə, bilirsən…” sözləri ilə min bir bəhanə gətirib, yazısını qoltuğunda geri qaytarardılar.

Yaxud, hansısa dövlət qurumunun keçirəcəyi ədəbi-publisistik yazı müsabiqəsində Mirzə Cəlilin qalıblər sırasında yer almasını təsəvvür edirsinizmi? Hansı ekspert cəsarət edib, onun yazısına yüksək qiymət verərdi? Təsdiqedici cavab imkan xaricindədir.
Eyni zamanda, dövlət imtiyazları alan yazıçılar sırasında Mirzə Cəlilin də ola biləcəyinə inanırsınızmı? Bu sualın cavabı da aydındır. O, heç Yazıçılar Birliyinin qapısından içəri buraxılardımı?

Bəlkə kimsə fikirləşir ki, o zaman dövlət imtiyazlarından kənarda qalan Mirzə Cəlilə heç olmasa, bu gün isti mənzilində rahat oturub, xatirələrini saf-çürük etməyə imkan verilərdi. Eşidin, inanmayın. Şübhəniz olmasın, yazıçının mənzilinə “axan” qazı kəsib, erməni kilsəsini qızdırar, ancaq tənqidçi qələm sahibini qızınmağa qoymayıb, soyuqdan dondurardılar.

O da məcbur qalıb, soyuqdan göyərmiş əllərini əlyazmalarının alovunda qızdırmalı olardı.

Bu azmış kimi, Anarın Yazıçılar Birliyinin ştatlı “tənqidçi”ləri Mirzə Cəlili çərlətmək üçün yarışa girəcəkdilər.

Reallıq budur. Ona görə də böyük yazıçını bizim dövrə “gətirib”, çəkdiyi əzabları təzədən yaşamasını rəva görməyək.

Amma kim nə etsə də, “Danabaş” kəndləri nə qədər artsa da, “Şeyx Nəsrullah”lar çoxalsa da, millətin vicdanının səsi olan Mirzə Cəlil adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Onun adını 1000 il sonra da tariximizdən, külüng çaldığı ədəbiyyat və mətbuatımızdan silmək kimsəyə müyəssər olmayacaq. Çünki bu millət öz ziyasını “Şeyx Nəsrullah”lardan yox, “Kefli İsgəndər”lərdən alır.

“Ölülər”ə hələ də “Dirilik suyu” daşıyan böyük insan, doğum günün mübarək!

Araz Zeynalov
Yeniçağ.Az