Ölümcül virusdan necə qorunmalı? – Baş infeksionistin TÖVSİYƏLƏRİ

2020-nin başlaması ilə Çindən dünyanı təhdid edən yeni – “2019-nCov” adlanan virus yayılmağa başlayıb. 

“Euronews”un məlumatına görə, adıçəkilən virusdan ölənlərin sayı 81, yoluxanların sayı isə 2700-ə çatıb. Yeni koronavirusa ABŞ, Cənubi Koreya, Tayland, Avstraliya da daxil olmaqla, 14 ölkədə yoluxma qeydə alınıb.

Qrip əlamətləri ilə özünü biruzə verən virusun mutasiya dövrünün mart aylarına düşəcəyi və “SARS” kimi xəstəliklərdən daha güclü neqativ təsirə malik olacağı gözlənilir.

Həm ticarət, həm də turistik əlaqələrimizin olduğu Çindən Azərbaycana virus keçə bilərmi?

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə virusa yoluxma halının hələ ki qeydə alınmadığını açıqlayıb.

Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev mətbuata açıqlamasında mümkün təhlükə barəsində bunları deyib:

“Sıx təmas olmasa, demək olar ki, yoluxma ehtimalı azdır. Su, ərzaq, həddən artıq sıx təmas, əllər vasitəsilə, tənəffüs yollarının zədələnməsi ilə yoluxma ola bilər. Dünyada təşçvişə səbəb olan bu virus ümumilikdə mədə-bağırsaq sistemini, sinir sistemini, böyrəkləri zədələyir.

Bu virus təbiətdə mövcud idi, sadəcə, yenidən aktivləşib. Bu kimi ölümcül virusların aktivləşməsinə səbəb də insanların təbiətə müdaxiləsinin nəticəsidir. Bundan öncə Çində SARS virusu yayılmışdı. O da koronaviruslara aiddir. Hətta o daha təhlükəli idi və ölüm halları 25-30 faizə qədər artmışdı. Ancaq onun qarşısı tezliklə alındı. Bu virusa yoluxma sayı ilə ölüm halı arasında fərq çox olduğu üçün o qədər də təhlükəli hesab edilməyə bilər”.

Sözügedən virusun Azərbaycanda yayılma səviyyəsini aşağı qiymətləndirən İsayev risklərə qarşı tədbirlər götürülməsinin vacibliyini vurğulayıb.

“İlk növbədə Çindən gələn insanlar yoxlanılmalıdır ki, o xəstəliyin əlamətləri ölkəyə daxil olmasın və yayılmasın. Hazırda orada xeyli azərbaycanlı tələbə təhsil alır, həmçinin bizneslə, ticarətlə məşğul olan şəxslər var ki, tez-tez Çinə gedib-gəlirlər. Bu insanlar yoxlanılmalıdır.”

Virusun yayılmasının qarşısını almaq üçün bir sıra ölkələr hava limanlarında təhlükəsizlik tədbirlərini artırıblar. Heydər Əliyev Beynəlxalq Hava Limanı da Bakıdan Pekin şəhərinə uçuşları yanvarın 30-dan martın əvvəlinədək müvəqqəti dayandırıb. Eyni zamanda, “China Southern Airlines” şirkəti Quançjou-Bakı-Quançjou aviareysini koronavirus səbəbindən ləğv edib.

Bu vaxta qədər gələn sərnişinlərdə heç bir virus əlaməti tapılmasa da, sərnişinlər kənardan hərarət ölçən cihazla yoxlanışdan keçirilir. Mütəxəssislər bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görürlər. Maska taxmaq, əlləri tez-tez yumaq, yumurta və ət yeməklərini yaxşı bişirmək, meyvələri yeməzdən əvvəl yumaq virusa yoluxmamaq üçün vacib şərtlərdəndir.