Çoxdandır görünməyən əməkdar artist, “Tütək səsi” filmindən Nuru kimi tanıdığımız tanınmış aktyor Ötkəm İsgəndərov tədbirlərin birində fotokameramıza tuş gəlib.
Yenicag.az-a açıqlama verən aktyor uzun müddət filmlərdə çəkilməməsinin səbəbini pedoqoji fəaliyyətlə məşğul olması ilə əlaqələndirib: “Uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğul oldum, yəqin buna görə məni filmlərə dəvət etmədilər. Yalnız seriallarda çəkildim. Bu gün də filmlərə çəkilmək arzusundayam. Mənim üçün rolun mənfi, ya müsbət olmasının da fərqi yoxdur. Lazım gəlsə, mafiyoz obrazında da çəkilərəm».
Əməkdar artist rol aldığı ilk filmdə başına gələn ekstremal hadisələri də xatırlayıb:
“Tamaşaçılar məni ilk çəkildiyim “Tütək səsi” filmindən tanıyır. Həmin filmin çəkilişi zamanı həyatım təhlükə ilə üz-üzə qaldı. Öküzlə necə davranacağımı bilmirdim, kotana qoşanda buynuzu ilə mənə hücum etdi, kürəyimdən yaralandım. Qanım axa-axa çəkilişi davam etdim. Sonradan yaranı sarıyıb, qanı güclə saxladılar. Belə təhlükəli məqamlar çox olub. “Qara yelin adamı” filmində də tərəf müqabilim qılıncla rəftar edə bilmədiyi üçün vurub qaşımı partlatmışdı. Kürəyimdəki və qaşımdakı çapıqlar indi də qalır”.
Cəvahir