Həmişə deyirmiş ki, atam-anam 50 yaşda dünyasını dəyişib, mənim də həyatım onlar kimi olacaq. Çünki valideynləri də yüksək qan təzyiqindən dünyalarını dəyişmişdi, özü də 50 yaşında. 50 illik yubileyi olandan sonra sevinə-sevinə dostlarına deyib ki, artıq o kritik yaş mərhələsini keçdim. 52 yaşını da qeyd etdi. Amma taleyin ona hazırladığı sürprizdən xəbərsiz idi. O sürpriz onu efirdə yaxaladı.
Tanınmış aktyor, Əməkdar artist Elçin Həmidovun xatirə günüdür.
Sevilən aktyor idi. Hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyi bacarırdı. Hətta epizodik rolları belə böyük rollardan seçilmirdi. Həm də gözəl parodiya etmək qabiliyyətinə malik idi. O, eyni zamanda, “Planet Parni iz Baku” KVN teatrının əsas simalarından biri idi. O, bu teatrda gözəl obrazlar yaratmışdır. O cümlədən, “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” komik obraz olmaqla bərabər, həm də düşündürücü obraz idi.
Onun yaratdığı son obraz Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazı oldu. Bu tamaşa 23 fevral tarixində Elçin Həmidovun oynadığı son premyera oldu.
2011-ci il martın 4-də qəfil ölüm xəbəri ilə sevənlərini sarsıtdı. Elçinin işə gəlmədiyini görən dostları onun evinə getdilər. Qapını açmayan Elçinin qapısını sındırıb otağa daxil oldular. Həmin vaxt Elçin Həmidov gözlərini əbədi olaraq yummuşdu. Amma aktyor bu gün də sevənlərinin yaddaşında yaşayır.
Cəvahir