İnsanlar o vaxt dünyadan köçmüş sayılır ki, onunla bağlı xatirələr də söylənilmir. Xatırlanırsa, xatirələr diridirsə, demək ki, o da yaşayır, həyatını sevənlərinin yaddaşında, işıqlı xatirələrində davam etdirir.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev də belə insanlardandır. Bir avtomobil qəzası ilə həyatına son qoyulsa da, işıqlı xatirəsi ilə bu gün də yaddaşlardadır. Yenə də gülümsəyir, yenə də hansısa laiyhəsinin reallaşacağı günü gözləyərək, səbrsizlənir.
Yenə də sevimli ömür-gün yoldaşı Dilarənin yanındadır, onunla dərdləşir, yenə də ciyərparələri olan Aytəninin, Banusunun saçlarına sığal çəkib, onları hər zaman güclü olmağa ruhlandırır. “Sona qədər Oqtay yanımdadır”, deyib yoxluğunu bir an belə barışmayan Dilarəni, ata-anasını, övladlarını da elə yaşadan bu inamdır. Bu gün 56 yaşınız tamam olur, Oqtay müəllim. Bilirəm, rəqəmlərin sizin üçün heç bir əhəmiyyəti yoxdur.
50 yaşınızda doğum gününüzdə sizə ünvanladığım suala verdiyiniz cavabı indi də xatırlayıram. Demişdiniz, “rəqəmlər mənim üçün sadəcə təqvim xarakteri daşıyır. İçimdəki zarafatcıl, şıltaq, şuluq Tom Soyer Oqtay hələ də qalıb”.
Sevənləriniz yenə də sizin işığınıza toplaşacaq, sizi yad edib, gülümsəyəcəklər. Bəli, məhz gülümsəyəcəklər. Çünki heç özünüz də istəməzdiniz ki, sizi kədərlə, göz yaşlarıyla, kövrələrək yad etsinlər. Axı pozitiv, gülərüz, həyatsevər olmağı məhz özünüz öyrətmişdiniz ətrafındakı dostlarınıza, yaxınlarınıza. Odur ki, gülümsəyərək deyrik: gününüz mübarək gözəl insan!
Cəvahir