Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan şəhid-həkim

Vətən müharibəsi dövründə şəhidlik zirvəsinə ucalan gənc qəhrəmanlarımızdan biri də həkim-stomatoloq, tibb xidməti leytenantı Mirlətif Ağayevdir.

M.Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad şəhərinin Göytəpə kəndində anadan olmuşdur. 1997-ci ildə Göytəpə 1 saylı məktəbinə 1-ci sinifə getmişdir. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuşdur. 2013-cü ildə hərbi xidmətə yola düşmüş, 1 il 6 ay zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılmışdır.

O, müharibənin ilk günlərindən cəbhəyə yola düşmüş, neçə-neçə yaralı əsgərə ilkin tibbi yardım göstərərək onları həyata qaytarmışdır. Oktyabrın 26-da Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaralıya ilkin tibbi yardım göstərmək istərkən qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla Mirlətif Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.