Ombudsman 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı

Azərbaycanlılara qarşı zaman-zaman soyqırımı hadisələri, o cümlədən 1918-ci ildəki soyqırımı törədilib və təəssüf ki, beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almayıb. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Belə ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Həmin siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlıların soyqırımı olub və özünün ağır nəticələri ilə seçilir.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya birliyinə, beynəlxalq təşkilatlara, ombudsmanlar institutlarına, diplomatik nümayəndəliklərə və digər qurumlara ünvanlanmış bəyanatında yer alır.

Bəyanatda deyilir ki, tarixi faktlara nəzər salsaq, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılıb. 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetiriblər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilib. Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilib, 7000 nəfər öldürülüb. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və yandırılıb, çoxsaylı evlər talan edilib, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib.

Bəyanatda vurğulanır ki, aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilib, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxıb, beləliklə, təhrif edilmiş hadisələr daha aydın görünməkdədir.

31 mart qanlı hadisələrindən yalnız 80 il sonra –1998-ci il 26 mart tarixdə Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Ötən il bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planı geniş şəkildə həyata keçirilib.

Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanıb, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübut edilib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq, Quba soyqırımı Memorial Kompleksi yaradılıb və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu tarixi abidə ziyarət olunur. Bir müddət əvvəl Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill də bu Memorial Kompleksdə olub.

Sənəddə qeyd olunur ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində genosidin insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdən olduğu göstərilir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunub. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri genosid aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Tarix göstərib ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc soydaşlarımızı qəddarlıqla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək məqsədilə hadisələri saxtalaşdırmağa əl atıblar.

Ermənistan 1988-ci ildən başladığı növbəti etnik təmizləmə, təcavüz siyasəti nəticəsində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını zəbt edib, nəticədə torpaqlarımızın 20 faizi işğala məruz qalıb, 20 min soydaşımızın həyatına son qoyulub, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımları, kütləvi qırğınlar törədiblər.

Zəbt edilmiş Dağlıq Qarabağ və adı çəkilən yeddi rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi bir daha sübut edir.

Bəyanatda bildirilir ki, erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir. Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir. Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır, bu isə həmin qurumların müvafiq qərarlarında öz əksini tapıb.

Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, habelə Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların bu qərarlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn norma və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

“Beləliklə, 1918-ci ildə törədilmiş həmin soyqırımı zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda göstərilənləri, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, 31 mart – Azərbaycanlıların soyqırımını hər bir dövlət və səlahiyyətli beynəlxalq qurum tərəfindən genosid aktı kimi ədalət naminə tanımağa, haqlı mövqeyimizi dəstəkləməyə, bu istiqamətdə həmrəyliyə və səyləri artırmağa çağırıram.

Qətiyyətlə bildirirəm ki, insanlığa qarşı törədilən bu qatı cinayətlərə genosid aktı kimi beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli, soyqırımları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı və beynəlxalq sənədlərin tələblərinə riayət edilməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, həmçinin günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar”, – deyə Ombudsman Elmira Süleymanova bəyanatda vurğulayıb.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

COP29