Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib .
Bu barədə Yenicag.az-a İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatından bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır:
“Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu.
Belə ki, bu ilin 21 fevral tarixində Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanıb. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır”.
Ombudsmanın məlumatında xatırladılıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyil:
“Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilib”.
“Qeyd olunanları nəzərə alaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində zəruri addımlar atmağa çağırıram” – deyə, ombudsman Səbinə Əliyeva bildirib.
Qeyd edək ki, bu gün Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.
Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.