Ombudsmanlar yaralılarla bağlı birgə məlumat yaydı

Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən yaradılmış işçi qrup məlumat yayıb.

Bildirilib ki, ümumilikdə, 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15 nəfər Azərbaycan, 8 nəfər Rusiya, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.