On minlərlə insanın həyatını bitirənlər: “Onları xalqın gözü qarşısında asmaq lazımdır” – Şahlar Əsgərov

“İnanıram ki, o işbazlara veriləcək ağır cəzalar digərlərinə də dərs olacaq”.

Bu fikirləri Türkiyədə baş verən zəlzələ zamanı keyfiyyətsiz inşa olunan binaların dağılması nəticəsində on minlərlə insanın ölümünə səbəb olan işbazların cəzalandırılmasının vacibliyini önə çəkən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Türkiyədə, o cümlədən Azərbaycanda yaşayış binalarını standartlara uyğun inşa etməyənlərə mərhəmət göstərilməməlidir:

“Türkiyədə baş verən zəlzələdə qırx mindən artıq insanın həlak olması ürəyimizi parça-parça edir. Doğrudur, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Ancaq bu zəlzələdə o qədər insanın ölümünə səbəb təbii fəlakətdən çox binaları başdansovdu, keyfiyyətsiz tikib satan işbazlardır.

Baxın, 1999-cu il zəlzələsi də onlara dərs olmayıb, binaları keyfiyyətsiz materiallarla inşa ediblər. Bu barədə yanğısız danışmaq mümkün deyil. Ancaq bunun bir sonu olmalıdır. O keyfiyyətsiz binaları tikib on minlərlə insanın ölümünə bais olanları xalqın gözü qarşısında asmaq lazımdır. Elələrinə mərhəmət göstərilməməlidir.

Acınacaqlısı bilirsiniz, nədir? Axı türk milləti öz yaranışından doğru-dürüst olub, yalana, saxtakarlığa əl atmayıb. Təəssüf ki, kənar təsirlər millətimizin bu keyfiyyətlərini aşındırıb. Lakin inanıram ki, o işbazlara veriləcək ağır cəzalar digərlərinə də dərs olacaq”.

A.Zeynalov