“Ön xətdəki hərbçilərin maaşlarının kəsilməsi dövlətə qarşı sabotajdır” – MQP sədrindən SƏRT XƏBƏRDARLIQ

“Müharibə qazilərini Hərbi Prokurorluğun “qalstuklu məllim”lərinə yem etmək olmaz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ön xətdə xidmət edən hərbçilərin maaşlarının bir qat verilməsi və Hərbi Prokurorluğun müharibə qazilərinə qarşı “cəbhə” açmasına münasibət bildirən Milli Qeyrət Partiyasının (MQP) sədri Şakir Abbasov deyib.

Şakir Abbasovun sözlərinə görə, mövcud şəraitdə cəbhə bölgəsindəki hərbçilərin maaşlarını kəsməyin ağır nəticələri ola bilər:

“Şübhəsiz ki, müharibəni hərbçilərimizin qanı-canı bahasına qazanmışıq. Hərbçilər bizim baş tacımız olmalıdırlar. Ancaq müharibədən dərhal sonra Qarabağda, yuxarı Qarabağda xidmət edən edən hərbçilərin maaşları Bakıda xidmət edən hərbçilərin maaşları ilə eyni qaydada hesablanır. Bunu edənlər düşünmürlər ki, sabah o hərbçilər artıq xidmət etmək istəməyəcəklər?

İndiki dönəmdə bu addım xəyanətə bərabərdir, dövlətə qarşı sabotajdır. Çünki ön xətdə xidmət keçən hərbçilər sərt hava şəeaitində çadırlarda, təminatın çətinliklə çatdırıldığı mürəkkəb relyefli ərazilərdə düşmənlə üz-üzə dayanıblar.

O da nəzərə alınmalıdır ki, həmin bölgələrdə düşmənlə üzbəüz xidmət etmək istəyən hərbçilər həm də maaşın yüksəkiliyini göz önünə alırdılar. İndi o dağlarda, çadırlarda kim azaldılmış maaşla xidmət etmək istəyər? Ayıbdır! Hansı məmuru qaldırırsan, yol verdiyi ən kiçik yeyinti belə yüz milyonlarla manatı ötür.

Dövlətin büdcəsinə zəli kimi yapışan məmurlar yağ-bal içində yaşasın, milyonlarla oynasın, dövlətin xidmətində duran, Vətəni qoruyan hərbçilər isə qəpik-quruşa möhtac qalsın… Bu, nə yanaşmadır?

Həm partiya, həm də vətəndaş olaraq hərbçilərin maaşlarına yenidən baxılmasını tələb edirik. Bu məsələdə daim onların yanında olacağıq. Bizə hərbçilərimizdən müxtəlif xoş olmayan xəbərlər gəlir. Onları sakitləşdiririk, səbrli olmağa çağırırıq, ancaq bu, nə qədər belə davam edə bilər?

Ağızlarını açıb bir kəlmə danışanda, gülüş hədəfinə çevrilən deputatların aldıqları maaşa da baxın, düşmənlə üzbəüz dayanan hərbçilərin də maaşına… Bu ədalətsziliyə səssiz qalmaq olmaz”.

MQP sədri Hərbi Prokurorluğun müharibə qazilərinə yönəlik repressiv fəaliyyətinə dərhal son qoyulmasını tələb edib:

“Bəzən oturub düşünürəm, adama elə gəlir ki, bizim hərbçilər düşmənə yox, kimlərinsə dayılarına güllə ataraq, qəzəbə tuş gəliblər. Mən həm də Qarabağ müharibəsinin birinci mərhələsinin iştirakçısı olmuşam. Əlində qələm, qoltuğunda kağız olan biri döyüş meydanından çıxan hərbçini heç cür anlaya bilməz.

Zamanında belə halların çox şahidi olmuşam. Döyüş görmüş hərbçinin psixologiyası fərqli olur. Onları Hərbi Prokurorluğun “qalstuklu məllim”lərinə yem etmək olmaz.

O vaxt da, indi də düşmən gülləsindən yox, qalstuklu əli qələmililərdən qorxulurdu. Düşmən gülləsi ya öldürür, ya da yaralayır, qələm isə hər gün öldürür, ölümdən betər edir.

Müharibə vaxtı hər birimiz deyirdik ki, hərbçilər başımızın tacıdır. Müharibə bitib, baxıram ki, indi ən çox sıxışdırılanlar elə hərbçilərdir. Həm maaşları kəsilib, həm də Hərbi Prokurorluğun repressiyasına məruz qalmaqdadırlar. Vəziyyət o hədddə çatıb ki, bir çox hərbçilər deyirlər, kaş şəhid olardıq, ancaq bu günləri görməzdik. Hərbçilərə qarşı bu repressiyalara dərhal son qoyulmalıdır. Əks halda, bu gedişat yaxşı heç nə vəd eləmir”.

Səxavət Məmməd

COP29