Ona həyat verək! – Məşhurlar xəstə uşaq üçün yenə yardım istədi, amma… – VİDEO

Həyatı təhlükədə olan balaca Hüseyn üçün ayağa qalxan ATV-nin əməkdaşlarının sıralarına qatılan məşhurların sayı artır.

Bir neçə gün əvvəl “Azad Azərbaycan” Televiziya şirkətinin bir qrup əməkdaşı 8 yaşlı Hüseyn Fətullayevə dəstək məqsədilə video çarx hazırlamışdı. Məşhurlar videoçarxda doğulandan bəri uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkən balaca Hüseynə yardım çağırışı etmişdilər.

Yenicag.az xəbər verir ki, Hüseynə yardım çağırışına qoşulanların sırası getdikcə genişlənir. Bir neçə gün əvvəl hüseynsevər məşhurların iştirakı ilə daha bir video çarx hazırlanıb.

Qeyd edək ki, ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. O, uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Bir müddət əvvvəl çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata övladının həyatını qurtarmaq məqsədilə maddi yardım üçün müraciət də yaymışdı.
Bəxtiyar Fətullayevin sözlərinə görə, müraciətə səs verənlər çox olsa da, hələ də övladının müalicəsi üçün lazım olan məbləğin yalnız cüzi bir hissəsi yığılıb: “Hüseynin xarici ölkələrdə əsaslı müalicəsi mümkündür. Məsələn, deyilənə görə, uşağı İsrail və ya Çində sağaltmaq olar. Bunun üçün isə azı təxminən 50 min ABŞ dolları lazımdır. Ailəmizin isə belə bir imkanı ümumiyyətlə yoxdur.

Çox maraqlıdır ki, edilən müraciətlərə baxmayaraq, bu vaxta kimi lazım olan məbləğin 10 faizi güclə yığılıb. Ən maraqlısı odur ki, bu qədər ictimailəşməsinə baxmayaraq, hələ də lazım olan qurumlardan gözlənilən azca da olsa, maraq yoxdur. Amma mən ümidimi Allahdan üzmürəm və köməyi yalnız xalqımdan gözləyirəm. İnanıram ki, mənim də övladım nə vaxtsa mənə sərbəst şəkildə “ata” deyə biləcək, oynayacaq, məktəbə gedəcək…”

ATV-nin əməkdaşı övladına dəstək olanlara təşəkkür edib: “Hüseynin həyatına biganə qalmayan hər bir kəsə dərin təşəkkürümü bildirirəm! Bu videonun hazırlanmasına təşəbbüs göstərən dostlarıma – Azər Axşam, İlkin Xəlilov, Vüsal Qurbanov, CJeyhun Əli, Murad Əzimzadə, Vüsal Murtuzəliyev və Emin Musəviyə “var olun!” deyirəm. Ümid edirəm ki, bu videoçarx zəngin insanların qarşısına çıxacaq. Digər dostlarımdan isə bu videonu mümkün qədər öz sözlərilə paylaşmaqlarını xahiş edirəm. Və inanın, məsum Hüseynin sağlam həyata qovuşması üçün etdiyiniz hər bir yaxşılıq Allah-Təala tərəfindən sizə artıqlamasıyla qayıdacaq!”
Balaca Hüseynə maddi yardım etmək istəyənlərin diqqətinə:

Bank rekvizitləri:

Bank Respublika ASC

Kod: 508182 VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

ADI: Baxtiyar

SOYADI: Fatullayev

IBAN: AZ17BRES00380194400144786301

——–

MİLLİÖN terminalları ilə:

Bank Respublika ASC

Hesab nömrəsi (AZN): 380194400144786301

Hesab üzrə kod sözü: 09372782

Qeyd edək ki, ailəyə birbaşa maddi yardım etmək istəyənlər Hüseynin atası Bəxtiyar Fətullayevlə 050 3911980 nömrəli telefon vasitəsi ilə də əlaqə saxlaya bilərlər.

 

COP29