Ona zülm edən ərini öldürən qadına bəraət verilə bilərmi?

Bir neçə gün öncə ərini qətlə yetirən Günay Şıxəliyevanın illərdir həyat yoldaşı tərəfindən döyülməsi, şiddətə məruz qalması ilə bağlı məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, 41 yaşlı G.Şıxəliyeva ifadəsində cinayəti törətdiyindən peşman olmadığını bildirib. Belə ki, alkoqol aludəçisi olan mərhum əri Mahir Şıxəliyev dəfələrlə həyat yoldaşını döyüb. Onun qonşularının İTV-yə verdiyi açıqlamalarda da bu fakt öz əksini tapıb.

Qonşuların sözlərinə görə, həyat yoldaşı qadına illərlə zülm edib. Uzun müddətli döyülmələrə görə Şıxəliyevanın bədən orqanları ciddi zərər görüb, qabırğaları sınıb.

Cinayət faktı ictimailəşəndən sonra şiddətə məruz qalan qadına qarşı sosial şəbəkələrdə müxtəlif səviyyələrdə anlayış ifadə olunur. Qətli özünümüdafiə zəminində törətdiyinə görə qadın barəsində yüngülləşdirici hökm verilməsinə və bəraət almasına da çağırış edənlər var.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da ərini qətlə yetirən Günay Şıxəliyevanın qonşusu ilə danışdığını bildirib. Onun sözlərinə görə, 15 il mütəmadi zorakılığa məruz qalmış şəxs bir dəfə də olsa, polisə müraciət etməyib: “5-6 il bundan öncə əri xanıma bıçaq xəsarəti yetirdiyi halda yenə faktı gizlədib. Axırıncı dəfə qətldən əvvəl arvadını qəddarcasına döydüyü, hətta övladını boğmaq istədiyi də deyilir. Uşaq ekspertiza edilib. Qonşular da bu vəhşiliyin şahidi olduğu halda susub. Beləcə, bu cinayətin baş verməsinə susmaqla şərait yaradılıb”.

M. Zeynalova qadınlara çağırış edərək zorakılıq görənləri dərhal polisə müraciət etməyə səsləyib: “Əgər bu xanımın mütamadi polisə müraciəti olsaydı, düşünürəm ki, onun cəzasının yüngülləşməsindən yox, tam azad olmasından danışmaq olardı”.

Hüquqşünas Bəxtiyar Hacıyev “Qafqazinfo”ya bildirib ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, şəxsə cəza təyin edilərkən onun cəzasını yüngülləşdirən hallar müəyyən olunur: “Müəyyən olunmuş hallarda isə təqsirləndirilən və ya zərərçəkmiş şəxsin amansız və əxlaqsız rəftarının qarşısının alınması vəziyyətində cinayət hadisəsi baş veribsə, onda bu yüngülləşdirici hal kimi nəzərə alınır. Bu, birbaşa qanunun göstərişidir.

Bu cinayət hadisəsində də işin hallarından və şahid ifadələrindən də göründüyü kimi, kişi qadına qarşı bir neçə dəfə zorakı hərəkətlərə yol verib. Qonşular da bunun şahidi olublar. Bu şiddətli hərəkətlər də qonşular tərəfindən pislənilib. Bununla bağlı fakt hazırlanmış reportajlarda da öz təsdiqini tapıb.

Qadın yatmış vəziyyətdə ərini qətlə yetirib. Bu, onun anlaqsız vəziyyətdə olmasını istisna edir. Amma sonuncunun zorakılıq əlamətləri davamlı olduğuna görə, onun birbaşa vəziyyətdən anlaqlı olmasından da xəbər vermir. Bunun üçün mütləq ekspertiza keçirilməlidir. Ekspert müəyyən edə bilər ki, bu anlaqlı, yoxsa anlaqsız olub.

Əgər kişi həmin günü qadına qarşı zorakı hərəkətlər edibsə və işgəncələrə yol veribsə, onun psixoloji vəziyyəti yoxlanılmalıdır. Cinayət hadisəsinin baş verdiyi son 3 saata istintaq orqanı mütləq hüquqi qiymət verməlidir. Yalnız bu hallar müəyyən edildikdən sonra onun törətdiyi əmələ yenidən baxılmalıdır. Beləliklə də hüquqi nəticəni yoxlamaq üçün məhkəmə yenə də qadının anlaqlı olması və mərhumun hərəkətlərini nəzərə almaqla cəza təyin etməlidir.

Bu kimi hallarda bəraət olmur. Bəraət o halda ola bilərdi ki, qadın cinayəti özü səmimi şəkildə etdiyini etiraf etməsin. Ancaq yüngülləşdirici hallar mümkündür”. /Qafqazinfo/