“Onda Araz Əzimov və onun tayları gedib Suriyada sığınacaq alarlar” – İTTİHAM

30720“Ölkəmizdə olan 5-ci kolon danışdırır onu, qardaş Türkiyə ilə bizim aramızı vurmaq istəyirlər”

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun bəyanatı göstərdi ki, Azərbaycan siyasətindəki daxili tənəzzül artıq xaricə də sirayət edib.

Bu sözləri Moderator.az – a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya rəhbərinin sözlərinə görə, Araz Əzimov kimlərinsə təlimatı ilə danışır:

“Bu gün ölkəmizdəki daxili gərginlik davam etməkdədir. Prezidenti aldadan məmurlar əməllərindən çəkinmirlər. Mən apardığım müşahidələrdə görürəm ki, İlham Əliyev ölkəni çətin durumdan çıxarmağa çalışır. Xalq da bütün gücü ilə prezidentə dəstək olmaq istəyir, amma bəzi məmurlar qara sədd olublar prezident və xalq arasında. Mən əminəm ki, prezident və xalq arasında olan bu rüşvətxor məmurları bir gün xalq tapdalayacaq. Ölkənin xarici işlər nazirinin müavini yüz minlərlə insan öldürən, milyonlarla insanı qaçqın edən Bəşər Əsədə dəstək verir. O, öz dili ilə danışmır. Ölkəmizdə olan 5-ci kolon danışdırır onu. Onlar qardaş Türkiyə ilə bizim aramızı vurmaq istəyirlər. Azərbaycanın xarici işlər naziri vəzifəsindən dərhal getməlidir. Bu gün xaticdəki diplomatlarımız səlahiyətlərindən istifadə edib biznes qururlar, dəbdəbəli həyat sürürlər. Təsəvvür edin Latviyadakı səfirimizin arvadı gedib rüşvət verib sürücülük vəsiqəsi almaq istəyir. Prezident buna neyləsin? Hara nəzarət eləsin daxilə, xaricə? Səfir təyin edir deyir get ölkəmizi layiqincə təmsil elə, demir ki, get biznes qur, xaricilərə rüşvət ver, ölkəni biabır elə. Amma onlar bunu edirlər. Hesab edirəm ki, xalq yaxın bir zamanda özü bu məmurların payını verəcək. Onda Araz Əzimov və onun tayları gedib Suriyada sığınacaq alarlar”.