“Onlar da Vardanyan kimi terrorçudur” – Deputatdan sərt REAKSİYA

“Separatçı Ruben Vardanyana Nobel sülh mükafatının verilməsini təklif edənlərin özləri də ondan əskik separatçı, terrorçu və cinayətkar deyillər. Əksinə, onlar Vardanyandan da betər cinayətkarlardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Millət vəkili Bakıdakı istintaq təcridxanasında saxlanılan özünü buraxmış separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın namizədliyinin Nobel sülh mükafatına irəli sürülməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

E. Məmmədovun fikrincə, sağlam düşüncəyə malik, ağlı yerində olan və Azərbaycana qarşı qərəzli mövqedə olmayan kimsə belə qələti etməz:

“Bunlar Mixail Qorbaçovu da Nobel sülh mükafatına təqdim edirdilər, eləcə də digər əli qana batmış cinayətkar haqqında da bu kimi fikirlər vaxtilə irəli sürülüb. Bunlar araşdırıb görsünlər ki, Ruben Vardanyan deyilən şəxs Azərbaycana nə üçün gəlmişdi və gələndən sonra o hansı işlərlə məşğul oldu?

Məlumdur ki, bu adam təkcə separatçı yox, eyni zamanda, terrorçu və cinayətkardır. Həmçinin onun Rusiyada qazandığı pullar da cinayət yolu ilə əldə edilib. Vardanyan da cinayət yolu ilə əldə etdiyi pulları Azərbaycana qarşı istifadə edirdi. İndi bu düşüncədə olan insanlara nə demək olar? Axı bunların cinayətkardan fərqi nədir?”

“Mən özüm soyqırımına məruz qalmış bir Azərbaycan vətəndaşıyam. 1 milyondan artıq azərbaycanlı kütləvi qırğınlara məruz qaldı, doğma yurd-yuvalarından didərgin salındı, nə müsibətlər başımıza gətirildi, 20%-dən çox ərazimiz 30 ildən çox işğal altında qaldı, viran oldu, darmadağın edildi, bütün müqəddəs yerlərimizə qarşı vandalizm hərəkətləri, vəhşiliklər və murdarlıqlar törədildi. Lakin Azərbaycana qarşı qərəzi mövqe tutan təşkilatlar, beynəlxalq qurumlar və dövlətlər həmin dövrlərdə də var idi. BMT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, Beynəlxalq Qızıl Xaç Komitəsi o vaxtı da mövcud idi. Maraqlıdır, onlar niyə bizimlə maraqlanmırdılar, bizə soyqırımı törədənlərə qarşı tədbir görüb səslərini qaldırmırdılar?”, – deyə o, əlavə edib.
Deputat dilə gətirib ki, bu gün bunlar bayquşlardan ibarət xor kapellası düzəldib Azərbaycanın üzərinə hüquqi, siyasi-iqtisadi və hərbi müstəvidə hücuma keçirlər:

“Deməli, belə çıxır ki, ortada bir xristian təəssübkeşliyi var və bunlar erməniləri adı “Qırımızı Kitab”a düşən heyvanlar siyahısında hesab edib onları müdafiə etmək üçün təşkilatlanıblar, ona görə də ölkəmizə qarşı belə hərəkətlər edirlər.

Bunlar sözügedən hərəkətləri ilə özlərinin iç üzünü açıb göstərirlər ki, kimdirlər. Bir söz var: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Əgər bunlar Ruben Vardanyanı “sülh göyərçini” hesab edirlərsə, bunlar da Vardanyan gedən yolu gedirlər, o ağıldadırlar və bunlar da onun kimi terrorçudurlar”.

Rafi Müslümov

COP29