“…onlar meydana çıxıb futbol oynamadılar”

img2071563“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqanın 32-ci turunda “Zirə”yə qalib gələrək (2:0) çempionluğu rəsmiləşdirdikləri oyundan sonra Qol.az-ın sualllarını cavablandırıb.
– “Zirə” bizə qarşı çox yaxşı mübarizə apardı. Qol vurmaq üçün də fürsətləri oldu. Amma biz onlara fərqlənmək üçün imkan vermədik. Biz meydana ancaq qələbə üçün çıxmışdıq və lazım olan nəticəni də qazandıq.
– Və bu, sizi vaxtından əvvəl çempion etdi.
– Çempionluq gözəl hisdir. Buna baxmayaraq, bizim qarşıda oyunlarımız var. Yəni hələ işimizi tam başa vurmamışıq və son oyuna kimi meydana qələbə üçün çıxacağıq.
– Ötən mövsümə nisbətən bu il çempionluğun bir qədər asan başa gəldiyini demək olar?
– Mən belə düşünmürəm. Düzdür, Premyer Liqada mübarizə aparan bəzi komandalar maliyyə problemi ilə üzləşdi. Amma bu o demək deyil ki, onlar meydana çıxıb futbol oynamadılar. Əksinə əzmkar mübarizə apardılar. Xüsusilə “Qarabağ”a qarşı çox komanda yaxşı motivasiya ilə hazırlaşır və meydanda istəkli olurlar.
– Yəni çempionatımızın səviyyəsində eniş olmayıb?
– Fikrimcə, hər zaman olduğu kimi, bu il də Azərbaycan Premyer Liqası çox güclü keçdi. Belə bir çempionatda qalib olduğumuz üçün çox xoşbəxtəm. Biz qalib olmaq üçün çox çətin bir yol keçdik. Amma bu, bizim işimizdir. Əsas odur ki, qarşımıza qoyduğumuz məqsədə çatdıq.
– Demək istəyirsən ki, Azərbaycan çempionatında qalib olmaq asan iş deyil?
– Əgər sən birincilik uğrunda mübarizə aparırsansa, hər bir çempionat çətindir. Çünki bu istək bütün klublarda olur və onlar da məqsədlərinə çatmaq üçün mübarizə aparırlar. Azərbaycan çempionatında da klubların səviyyəsi demək olar ki, eynidir. Ona görə də komandan lider olsa belə, istənilən matçda çətin anlar yaşaya bilərsən.  Albaniya çempionatında da belədir.
– Artıq hər kəs “Qarabağ”dan Çempionlar Liqasının qrupuna düşməyi gözləyir. Səncə, bunu bacaracaqsınız?
– İndidən bu haqda heç nə deyə bilmərəm. Amma biz əlimizdən gələn hər şeyi edəcəyik. Avrokuboklarda meydana çıxdığımız hər oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. Əsas odur ki, “Qarabağ” adına Avropada yaxşı oyun sərgiləyək. Hələ qarşıda uzun zaman var. Biz gedəcəyimiz yolu bilirik və bunun üçün yaxşı hazırlaşmalıyıq.
– Əgər bu mövsüm Çempionlar Liqasının qrupuna düşməyi bacarsanız, Avropa çempionatlarının liderləri ilə mübarizə aparmağa gücünüz çatar?
– Ötən mövsüm gördünüz ki, Avropa Liqasında çox çətin qrupa düşmüşdük. Çempionlar Liqasında daha çətin olacaq. Çünki orada asan rəqib, ümumiyyətlə, olmur.