“Onlar Milli Şuranın adını dəyişib LGBT qoysalar, daha səmimi görünərlər” – Tural Abbaslı

“Utanmasalar, koronavirusun da Əli Kərimlinin reytinqini aşağı salmaq üçün yaradıldığını deyərlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Şura rəhbərliyinin müxalifət düşərgəsində özlərinə rəqib kimi gördükləri siyasətçilərə qarşı apardığı “səlib yürüşü”nə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı deyib.

Tural Abbaslının sözlərinə görə, Milli Şura və ya başqa bir qurumun qapalı daxili müzakirələrindən hazırlanmış videomaterialların ictimailəşdirilməsi doğru deyil:

“Milli Şuranın toplantılarına dair videoların yayılmasını qınayıram və bunun normal presedent olmadığını deyirəm. Düzdür, özləri gərək bu məsələdə diqqətli olub, təhlükəsizliyi təmin edəydilər. Hər halda, dövləti idarə etməyə iddialı olan insanların bu kimi məqamları nəzərə ala bilməmələri təəccüblüdür.

Bununla belə, o videolar həm də bir çox ayıbları, neqativ halları üzə çıxardı. Onların düşüncə tərzlərinin, siyasi yanaşmalarının, hətta məişətlərinin belə hansı səviyyədə olduğu o görüntülərdə öz əksini tapdı, “vitrin”ləri xeyli zədələndi”.

AĞ partiya sədri Milli Şura rəhbərliyinin müxalifət daxilində yeni siyasi simaların üzə çıxmaması üçün qurduğu planlara da toxunub:

“Azərbaycan siyasi müstəvisi monopoliyaya götürülüb, qapalı vəziyyətə salınıb. Bu adamlar formalaşaraq, siyasi meydanda mövqeyini möhkəmlədən yeni fiqurlara dözmək niyyətində olmadıqlarını göstərirlər, onlara mane olmaq üçün hər vasitəyə əl atırlar.

Tapşırıqlar verirlər ki, yeni siyasətçilərin gündəmə çıxışına əngəl törədilsin. Bu mənada Milli Şura ilə hakimiyyətin yanaşması arasında heç bir fərq yoxdur. İqtidar böyük, Milli Şura isə kiçik potensialı ilə bu məsələni inhisarda saxlamağa çalışır.

Təəssüf doğuran digər məqam odur ki, bunlar hələ durub, mətbuat azadlığından, digər hüquqlardan danışırlar. Bu, bir daha onların qeyri-səmimi olduqlarını, insanlara həqiqəti söyləmədiklərini, eyni zamanda, hansı düşüncəni daşıdıqlarını nümayiş etdirdi. Yayılan videolarda yer alan məqamlar Milli Şuranı xeyli sarsıdıb”.

Tural Abbaslı qeyd edib ki, Milli Şura digər müxalifət partiyalarının istənilən birliyini özünə qarşı rəqib kimi görür:

“Dünyada nə baş verirsə, bunun sırf onlara qarşı hesablandığını düşünürlər. Utanmasalar, koronavirusun da Əli Kərimlinin reytinqini aşağı salmaq üçün yaradıldığını deyərlər.

Təsəvvür edin ki, Milli Şuranın rəhbərliyindəki şəxslər “üzdəniraq”lardan üzr istəsələr də, aşağıladıqları xalqdan hələ də üzr istəməyiblər. Bu da o deməkdir ki, onların ya “üzdəniraq”lardan işləri keçir, ya da onların dayılarından. Məncə, onlar Milli Şuranın adını dəyişib LGBT qoysalar, daha səmimi görünərlər”.

Səxavət Məmməd

COP29