“Əl-Qaidə”nin fikir ideoloqu , iordaniyalı İslam alimi Əbu Muhəmməd əl-Məqdisi İŞİD-in iordaniyalı pilotu edam etməsiylə bağlı “Röya” telekanalına müsahibə verib.
Yenicag.az xəbər verir ki, əl-Məqdisi söhbəti zamanı İŞİD-in bu hərəkətini qətiyyətlə pislədiyini bildirib.
O bildirib ki, iordaniyalı pilot Muaz əl-Kəsəsibənin əsir düşdüyünü eşitdikdən sonra dərhal İŞİD ilə əlaqə qurmağa və əsirlərin dəyişdirilməsi üçün onları yol gətirməyə çalışıb.
“Mən Muaz əl-Kəsəsibənin əsir düşdüyünü eşidən kimi İŞİD-i əsirləri dəyişməyə razı salmaq istədim. Bunun üçün də qardaşlar vasitəsilə onların arasında ağıllı adamlarla – təbii əgər içlərində ağıllı adam varsa – əlaqə qurmağa çalışdım. Bəzi qardaşlar mənim məktublarımı onlara çatdırdılar. Mən onlara bunun həbsdə olan Səcidə ər-Rişəvini xilas etmək üçün fürsət olduğunu bildirdim. Bu mövzuda əl-Ədnani, əl-Bağdadı və ət-Türki kimi İŞİD rəhbərlərinə məktub yazdım.”
Aparıcının İŞİD-in bu məktublara necə reaksiya verdiyi haqda sualına isə əl-Məqdisi cavab olaraq bildirib ki, İŞİD-in bəzi liderləri onun məktublarına cavab verməyiblər. Məktublara cavab verənlər isə bu fikirlə ilk öncə yaxşı yanaşıblar.
“Onlardan bəziləri mənə cavab vermədilər. Cavab verənlər isə məni inandırmağa çalışırdılar ki, bəli onlar əsirləri dəyişmək fikrində ciddidirlər və hətta and içirdilər ki, ər-Rişəvini İordaniya həbsxanasından çıxardacaqlar. Onlar pilotu çoxdan öldürmüşdülər. Amma buna baxmayaraq mənə yalan danışırlarmış. Özünü ciahada nisbət edən bir insanın yalan danışması mümkün deyil.”
Muaz əl-Kəsəsibənin yandırılaraq öldürülməsi məsələsinə münasibət bildirən əl-Məqdisi bunun çox pis bir əməl olduğunu söyləyib. O bildirib ki, İŞİD-in gətirdiyi ilk yenilik deyil. İŞİD bundan öncə də baş kəsməklə gündəmə gəlmişdi. əl-Məqdisi bütün bunların insanlar arasında İslamı gözdən saldığını bildirib.
“Onlar bu yolla Suriyada azadlıq uğrunda Əsədə qarşı vuruşan bir çox insanın qanını tökdülər. Vəziyyət elə yerə gəlib çatdı ki, insanlar baş kəsməyin İslamın bir parçası olduğunu düşündülər. Bir çox insanın mühakiməsiz insanların gözü qarşısında başı kəsildi. İnsanlar “İslam budur?” deyə sual verməyə başladı.”
əl-Məqdisi həmçinin Muaz əl-Kəsəsibənin yandırılmasından sonra İordaniyanın Səcidə ər-Rişəvi və Ziyad əl-Kərbulini edam etməsində bir nömrəli günahkarın məhz İŞİD olduğunu bildirib. Çünki apardığı danışıqlar zamanı təşkilatın əvvəlcədən əsirləri dəyişmək niyyətində olmadığı məlum olub.
Aparıcının “xilafət” haqqındakı sualına isə əl-Məqdisi belə cavab verib:
“Mən bu məsələ haqda dəfələrlə açıqlama vermişəm. Hər kəs mənim bu barədə mövqeyimi yaxşı bilir. Mənə sonradan haqq qazandıran bir çox insan belə bu məsələyə başından bəri qarşı olduğum üçün məni qınayıb. Bilirəm gənclərimiz xilafət həvəsi ilə minlərlə kilometr yolu qət edib gəlib İŞİD-ə qoşulurlar. Onların səmimiyyətinə şübhəm yoxdur. Amma sonradan bu insanlar axtardıqlarını tapmadıqda qaçıb oradan ayrılmaq istəyirlər. Onlardan bəziləri qaçmağa müvəffəq olsa da bir çoxu həbs olunur və ya dərhal edam olunurlar. Bu nə xilafətdir belə?”
Əl-Məqdisi sonra insanları ayıq olmağa və İŞİD-in yalanlarına inanmamağa səsləyib.
(müsavat.com)