“Onlar Qarabağın həllini deyil, öz maraqlarını güdən bir sürü hoqqabazdır” – EKSPERT

Fransa prezidenti Fransua Olland uydurma “erməni soyqırımı”nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimindəki çıxışı zamanı söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur:

““Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur. Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır”.

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən millət vəkili Asim Mollazadə bildirib ki, Fransua Ollandın əsas məqsədi gələcək parlament seçkilərində öz partiyası üçün erməni icmasının dəstəyini qazanmaqdır:

“Olland ciddi şəkildə xalqın narazılığına səbəb olan biridir. O, bundan öncə də münaqişənin həlli istiqamətində heç bir iş görməmişdi. O, əhəmiyyət kəsb etməyən və heç bir maraq daşımayan fikirlər səsləndirib. Namizədliyini irəli sürə bilməyən siyasətçinin fikirlərini maraqsız hesab edirəm”.

Hərbi eksert Üzeyir Cəfərov “Qarabağ münaqişəsinin həlli yoxdur” fikrini söyləyən adamı savadsız, qeyri-ciddi və erməni maraqlarına xidmət edən şəxs saydığını dedi:

“Bu adamlar – istər BMT-nin baş katibi olsun, istərsə Rusiya, Ameria və digər irili-xırdalı dövlətlərin başçıları… Kim ki bu cür mənasız və məntiqsiz sözləri dilinə gətirir, onlar siyasi şarlatan və bisavaddırlar. Bu şəxslər 20 ildən artıqdır ki, milyonlarla, bəlkə də yüz milyonlarla maliyyə vəsaitini xərcələyiblər ki, guya bunlar ATƏT çərçivəsində Minsk qrupu yaradıblar və bu bivec qurum da Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Ay-hay…Əslində, bu adamların hər birini məsuliyyətə cəlb edib, xərclədikləri milyonları onlardan geri alıb, ac-yalavac dünya ölkələrinə vermək gərəkdir. Bunlar sadəcə, münaqişələrin həllini deyil, öz maraqlarını güdən bir sürü hoqqabaz və siyasi dəllaldırlar. İndi Fransanın artıq sabiq prezidenti kimi mayın 7-də vəzifəsi ilə vidalaşmağa hazırlaşan Fransua Oland da guya özünü çox ağıllı və sülhsevər kimi göstərməyə çalışır. Vallah, həm yuxarıda söylədiklərim, həm də bu sözlərim ola bilsin bir qədər sərt və radikal təsir bağışlasın, amma günahsız ölən və şikəst qalan minlərlə oğul və qızlarımızın bu duruma düşməsinin əsl səbəbkarları Moskva və onun hikkəli rəhbərliyidir. Həmçinin, Amerika və Fransa kimi erməni maraqlarına xidmət edən ikibaşlı siyasətçilər və hiyləgərlərdirlər. Ona görə də mən yalnız və yalnız güc vasitəsi ilə Qarabağ məsələsinin həllinin mümkünlüyünü demişəm və deyirəm. Və bunu sübut etməyə də hazıram. Özünü guya güclü siyasətçi kimi qələmə verən putinlər, olandlar, obamalar və indi də tramplar sadəcə, günlərini keçirtməklə Sarkisyan kimi əclafdan öz şəxsi və dövləti maraqlarını təmin etmək üçün istifadə edirlər. Ona görə də biz başda BMT olmaqla, ATƏT-i də, onun mənasız Minsk qrupunu da tezliklə bu məsələlərdən uzaqlaşdırmağın yollarını arayıb tapmalıyıq”.

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, F.Olland özündən Amerika kəşf etməsin:

“Ölkə başçımız, rəsmilərimiz dəfələrlə deyib ki, “münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”. Bu da o demək deyil ki, sülh danışıqları əbədi davam etməlidir. Biz öz torpaqlarımızı mütləq azad edəcəyik və heç vaxt da əl çəkməyəcəyik. Artıq keçən ilin aprel ayında iradə və hərbi potensialımızı sübut etdik. Nəticələr də göz önündədir. Fransa prezidenti bu tip bəyanatını kimə ünvanlayır deyə bilmərəm, biz tövsiyə xarakteri daşıyan bəyanatları qəbul etmirik. Onun “erməni soyqırımı”nın 102-ci il dönümündə iştirak etməsi heç də yenilik deyil. Çünki Fransa rəhbərliyinin, siyasi elitasının erməni diasporası ilə sıx bağlılığı var. Təsadüfi deyil ki, hələ vaxtilə keçmiş prezident Sarkozi İrəvanda olanda demişdi ki, “Ermənistan Fransanın bacısıdır”. Bu da reallıqdır. Biz vaxtında Fransanı Minsk qrupunun həmsədri postundan uzaqlaşdırmaq istəyirdik. Lakin 1997-ci ildə faktiki olaraq ATƏT-in rəhbərliyi bizi Fransa ilə üzləşməyə vadar etdi. Düşünürəm ki, danışıqların nəticəsinin olmamasına səbəbkar bu cür diplomatlar və siyasi addımlardır. Belə ölkələrin həmsədr olması təbii ki, ikili yanaşmadır”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az