Ötən gün Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi “Qızıl Buta” milli mükafatının təqdimat mərasimi olub.
Yenicag.az xəbər verir ki, tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DAİM-in sədri Zaur Mirzəzadə çıxış edərək hər il ənənəvi olaraq reallaşan təqdimat mərasimi haqqında məlumat verib. O, sözügedən mükafatın respublikamızın həyatında aktiv fəaliyyət göstərən müvafiq sahənin nümayəndələrinə təqdim edildiyini bildirib.
Budəfəki sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən respondentlər arasında aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunub.
Mirzəzadənin çıxışından sonra “Qızıl Buta” milli mükafatı sahiblərinə təqdim edilib. Mükafat alanlar arasında Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Qənirə Paşayeva, Vahid Əhmədov, Fəzail İbrahimli, Rəşad Mahmudov, Rauf Əliyev, Mahir Abbaszadə, Elçin Quliyev, Elşad Həsənov, Cavid Osmanov kimi millət vəkilləri olub. İş xanımı, Məlahət Qurbanova isə Azərbaycanda ilk uğurlu biznes strategiyasına görə təltif olunub.
Çıxış edən Qurbanova, iş adamlarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, “Qızıl Buta” mükafatı ilə təltif olunan şəxsləri təbrik edib.
Azərbaycanın ən qədim Lombardına rəhbərlik edən Məlahət xanım bildirib ki, 100 il öncə olduğu kimi bu gün də ölkənin bir nömrəli Lombardına rəhbərlik etmək böyük məsuliyyətdir. Ancaq onlar bu sahədə yeniliklər edərək, onlara inanan, güvənən insanlara xidmət etməyə davam edəcəklər.
“YeniÇağ” Media Qrupu isə İnformasiyanın operativ və dolğun çadırılmasına görə “Qızıl Buta” mükafatına layiq görülüb.
Tədbir bədii hissə ilə davam edib.
Emin Səfərov