Onları bağışlamaq olarmı? – Qarabağ müharibəsi veteranları “yox”deyir!

2017-ci ilin mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ermənilərə məxfi məlumat ötürən bir qrup hərbçi və mülki şəxsin həbs edildiyi ilə bağlı birgə bəyanat yaydı. Düşmənlə mübarizə aparmalı olan şəxslərin düşmənlə əməkdaşlığı ilə bağlı məlumat cəmiyyətdə ciddi rezonansa səbəb oldu.

Məlum olayla bağlı əlaqədar hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində ermənilərin əməkdaşlığa cəlb etdiyi şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundu.

Yenicag.az Moderator.az-a istinadən xəbər verir ki, bu günlərdə, məlum hadisənin iki illiyi ərəfəsində sosial şəbəkələrdə həbs edilən bəzi hərbi qulluqçuların yaxınları onların bağışlanması, cəzalarının yüngülləşdirilməsi ilə bağlı fikirlərlə çıxış edir, bəzi hallarda aparılan istintaq işinin obyektivliyinə kölgə salmağa çalışırlar.

Ictimai rəyin çaşdırılmasına, dövlət orqanlarının, o cümlədən Hərbi Prokurorluğun fəaliyyəti ilə bağlı qeyri-obyektiv təəssüratını yaradılmasına hesablana bu fikirlər cəmiyyət, xüsusilə də bütün ömrünü vətənin müdafiəsinə həsr edən, hazırda ehtiyatda olan hərbi qulluqçular təərfindən ciddi narazılıqla qarşılanmaqdadır.

Bu səbəbdən də bəzi hərbi qulluqçular sosial şəbəkələrdə bununla bağlı vidoalar paylaşaraq əlaqədar qurumlardan vətənə xəyanət maddəsi ilə təqsirləndirilən şəxslərin layiqli şəkildə cəzalandırılması xahişi ilə çıxış edir, onlara qarşı hər hansı güzəşt və bağışlanmanın yolverilməz olduğunu vurğulayıblar.

Azərbaycan Qarabağ Müharibəsi Əliləri, Veteranları və Şəhid Alilələri İctimai Birliyinin bir qrup üzvü də həbs edilən şəxslərin layiqli şəkildə cəzalandırılmasının vacibliyi qənaətindədir.

Məlum videolarda diqqət çəkən maraqlı məqamlardan biri də, vətənə xəyanətdə təqsirləndirilən şəxslərin layiqli şəkildə cəzalandırılmasını tələb edən insanlar arasında ilkin istintaq prosesinə cəlb edilən, təqsirsizliyi istintaq yolu ilə sübut edilən hərbi qulluqçuların da olmasıdır. Bu qəbildən olan ehtiyatdakı hərbi qulluqçuların sözlərindən də bəlli olur ki, Hərbi Prokurorluq tərəfindən istintaq işi yüksək peşəkarlıqla aparılıb və proses zamanı hər hansı qeyri-qanuni vasitələrdən, təsir və təzyiq metodlarından istifadə olunmayıb.

Məhz ətraflı şəkildə aparılan istintaq işi nəticəsində ilkin istintaq prosesinə cəlb edilən hərbi qulluqçuların təftişi aparılaraq onların içərisində məhz təqsiri olanlar məsuliyyətə cəlb edilib.

Bütün bunlar isə onu göstərir ki, istintaqın obyektiv aparılmaması, bəzi şəxslərin əsassız yerə həbs edilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur və bu fikirlər sadəcə ictimai rəyi çaşdırmaq, cəmiyyətdə dövlət qurumlarının işinə inamsızlıq yaratmaq niyyətinin göstəricisidir.