Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı açıqlama verib.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan-Fransa münasibətlərinin ölkəmiz üçün önəmini qeyd edən Səməd Seyidov bildirib ki, iki ölkə arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozulub. Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma “Dağlıq Qarabağ rejimi” ilə dostluq qrupu bu istiqamətdə “böyük xidmətlər” göstərir. Xüsusilə Fransa parlamentinin sabiq üzvü Fransua Roşebluan erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq-aşkar şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və onun ətrafına da bir qrup insan toplaşıb. Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil.
“Burada ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırlar. Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, öz-özlüyündə bir cinayətdir. Onu xüsusi qeyd etmək lazımdır ki, həmin yerli özünüidarəetmə orqanları Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda, Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən bir neçə ay bundan əvvəl – 2018-ci il mayın 24-də “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimat bu qurumları, yəni bələdiyyələri Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələrin bağlanmasını, səfərlərin həyata keçirilməsini və birgə tədbirlərin təşkilini qəti qadağan edir. Bu, Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış bir sənəddir. Yəni, bu sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər. Fransa Konstitusiyasının 73-cü maddəsinə və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq, qəbul edilmiş təmimi təlimat bu kimi, hərəkətləri qadağan edir. Ancaq təəssüflər olsun ki, biz Fransa qanunlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd hərəkətlərin şahidi oluruq. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi, təəssüflə deməliyəm ki, Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinə dair bu sənədin müddəalarını dərhal yerinə yetirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Hesab edirəm ki, Fransa hökuməti bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir”,-deyə Səməd Seyidov vurğulayıb.
Milli Məclisin komitə sədri qeyd edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu ölkənin yerli özünüidarəetmə orqanları rəhbərlərinin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də əngəllər yaradır, Fransanın vasitəçilik missiyasına ciddi xələl gətirir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı bəyanatlarla çıxış etməlidir. Konkret mövqe ortaya qoymalı, bu istiqamətdə işlər aparmalıdır. Təəssüflər olsun, biz bunu görmürük.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi Fransanın Strasburq şəhərinə səfərlər etdiyini bildirən Səməd Seyidov deyib: “Bu gün Fransada özünü mühacir adlandıran bir qrup şəxslər var və onlar terrora, zorakılığa çağırış edən bəyanatlar səsləndirirlər, faktiki terrorun təbliği ilə məşğuldurlar. Əfsus ki, Fransa hökuməti tərəfindən bu cür hərəkətlərin də qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılmır.
Bu yaxınlarda Ermənistanda Frankofoniya adlı sammit keçirildi. Frankofoniya humanitar təşkilatdır, onun sammiti humanitar cinayəti törədən ölkədə keçirilib. Yəni, Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarını işğal edən, həmin ərazilərdə qondarma rejim quran ölkənin paytaxtında humanitar tədbir təşkil olunur. Bu, bizdə çox ciddi narahatçılıq doğurur”.
Fransa-Azərbaycan münasibətlərinin yalnız mədəni əlaqələri, elmi mübadilələri və bu kimi məsələləri əhatə etmədiyini diqqətə çatdıran Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, bu gün iki ölkə arasında güclü iqtisadi əlaqələr də mövcuddur. Azərbaycanda Fransa şirkətlərinin fəaliyyəti üçün çox yüksək səviyyədə şərait yaradılıb. Fransa şirkətlərinin ölkəmizdə həyata keçirdikləri layihələrin ümumi dəyəri 2 milyard dollardan çoxdur. Onların arasında “Total”, “Suez”, “Thales International” kimi böyük şirkətlər də var. Bu şirkətlər Azərbaycanda fəaliyyət göstərərək pul qazanırlar. Bu nöqteyi-nəzərdən, belə addımların əlaqələrimizin inkişafına kölgə salması göz qabağındadır.
“Hesab edirəm ki, belə səfərlər və Fransa hökuməti tərəfindən bu səfərlərə lazım olan qiymətin verilməməsi iqtisadi əlaqələrimizə ciddi xələl gətirə bilər. Biz bir vətəndaş, parlament üzvləri olaraq fikirləşməliyik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, qondarma rejimlə qeyri-qanuni sənədlər imzalayan, faktiki cinayəti dəstəkləyən, onu tanıyan, bələdiyyələrə lazım olan qiyməti verməyən ölkənin iş adamları ilə əlaqə qurmaq lazımdırmı?
Mən istərdim, Fransa tərəfi və bizim həmkarlarımız, tərəfdaşlarımız başa düşsünlər ki, Azərbaycan sülh, inkişaf istəyir. Biz Fransa-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişafını arzulayırıq. Ancaq beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in sənədləri əsasında, ərazi bütövlüyümüz çərçivəsində, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimə dəstəyin verilməməsi istiqamətində aparılan işləri görmək istəyirik. Həm bələdiyyələrin, həm parlamentin, həm də hökumətin hiss olunan mövqeyini görmək istəyirik.