“Onların istifadə etdikləri leksikon və yol verdikləri davranışlar cəmiyyətdə ikrahla qarşılanır” – Yusif Bağırzadə

“Milli Şuradakılar bircə videokonfransla cəmiyyətin ciddi qınağına tuş gəliblər və özlərinin əsl mahiyyətlərini ortaya qoyublar”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Şuranın sosial şəbəkələrdə yayılan və sərt reaksiyalar doğuran videokonfransında ifadə olunan fikirləri şərh edən politoloq Yusif Bağırzadə səsləndirib.

Politoloq bildirib ki, Milli Şuranın rəhbərliyindəki şəxslər bu davranışları ilə özlərini rəzil duruma salıblar:

“Azərbaycan dövlətinə, xalqına qarşı radikal, xəyanətkar mövqe tutan, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran və əsasən, xarici ölkələrdə yaşayan, xarici düşmən qüvvələrə bağlı olan, eyni zamanda, Azərbayana qarşı düşmənçilik siyasəti aparan marginal qrup növbəti dəfə özünü ifşa etdi.

Milli Şuranın Koordinasiya Mərkəzinin son videokonfransı sözün əsl mənasında rəzalət idi və həmin rəzalətdən sonra nəinki o qurumun rəhbərliyindəki iki nəfər, elə başda Gültəkin Hacıbəyli olmaqla, hər biri istefa verməli idi.

Milli Şuradakılar bircə videokonfransla cəmiyyətin ciddi qınağına tuş gəliblər və özlərinin əsl mahiyyətlərini ortaya qoyublar. Bunun nəticəsidir ki, konfransda iştirak edən insanların bir-birilərinə qarşı münasibəti, dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr cəmiyyət tərəfindən ikrahla qarşılanır.

Özünü ziyalı, siyasətçi hesab edənlər çıxıb əxlaqi, milli-mənəvi, insani dəyərlərə zidd olan iyrənclikləri kimlərəsə xoş gəlmək üçün müdafiə edirlərsə, onlardan cəmiyyətə hər hansı bir fayda gələcəyini gözləməyə dəyməz.

Bu gün özlərini demokratik qüvvə sayıb meydana atılanların illərdir ki, eyni ittihamlarla, eyni sözlərlə xalqı necə aldatdıqlarının şahidiyik. Antiazərbaycançı şəbəkənin maliyyə dəstəyi ilə ölkədə ictimai-siyasi sabitliyi pozmaq onların apardıqları “siyasət”in ana xəttini təşkil edir.

Bir-birini ittiham və şantaj edərək, satqın, xəyanətkar adlandıran dağıdıcı müxalifət partiyalarının funksionerləri heç vaxt nəyəsə nail ola bilməyiblər, bundan sonra da nəyəsə nail olmaları mümkün deyil. Tutduqları yol bəlli, apardıqları siyasət və gördükləri işlər ictimaiyyətin gözü önündədir.

Son prezident seçkilərində iflasa uğrayan bu şəxslərə elə əsl qiyməti fevralın 5-də Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev verdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda daxili vəziyyət tam sabitdir. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlik, xalqın görülən işlərə dəstəyi və inamıdır”.

COP29