Sabah – mart ayının 10-da saat 10:00 da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.
Bununla bağlı Mətbuat Şurasının üzvləri və media rəhbərləri bu gün I Fəxri Xiyabanda Heydər Əliyevin və Həsən Bəy Zərdabinin məzarlarını ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən Bəy Zərdabinin məzarı üstündə jurnalistlərə açıqlamasında bildirib ki, sabahkı qurultayda Azərbaycan mətbuatının problemləri, onlardan çıxış yolu və reklam bazarının şəffaflaşdırılması ciddi müzakirə ediləcək:
“Qurultayın uğurlu keçəcəyinə inanıram. Azərbaycan jurnalistikası uzun bir yol keçib. Mətbuat Şurası yaranmazdan öncə jurnalistlər və media qurumları ilə məhkəmə proseslərinin sayı çox idi. Mətbu orqanlara qarşı çoxsaylı cərimələr vardı. Mətbuat Şurası Azərbaycan ictimaiyyəti ilə mətbuat arasındakı münasibətləri müsbət məcraya yönəltdi, Azərbaycan mediasının inkişafına dair çoxlu sayda işlər gördü. Bu gün Azərbaycan dövləti mətbuatla bağlı siyasətini Mətbuat Şurası vasitəsi ilə həyata keçirir. Azərbaycan mətbuatı bu gün peşəkar, milli mətbuatdır».
Medianın iqtisadi durumu ilə bağlı açıqlama verən Ə. Amaşov bildirib ki, qurultayda mətbuatın iqtisadi gücünün artırılması da müzakirə ediləcək:
«Reklam bazarının genişləndirilməsi, qəzetlərin satılması ilə bağlı məsələ qaldırılacaq, region mətbuatına diqqət artırılacaq. Azərbaycanda ictimai fikrin formalaşmasında əsas güc onlayn medianın üzərinə düşür. Çox təəssüf ki, reklam bazarını düzgün qura bilməməyimizin nəticəsində həmin media qurumları reklam əldə edə bilmirlər. Bu da bir sıra problemlər yaradır. Nə qədər ki, onlayn media reklamla təmin olunmayıb, o vaxta qədər dövlət tərəfindən onlara da yardım olunmalıdır. Əgər biz o yardımı edə bilməsək, onlayn media ayrı-ayrı qrupların, şəxslərin, qüvvələrin əlinə keçə bilər. Biz bu problemi həll etmək üçün onlayn jurnalistikanı dövlət tərəfindən maliyyələşdirməliyik. Bütün bu məsələlər qurultayda müzakirə olunacaq».
Sabahkı qurultayla bağlı danışan Ə. Amaşov MŞ-nın idarə heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı təklif irəli sürəcəklərini qeyd edib:
«Mətbuat Şurasının idarə heyətinin tərkibi nə qədər geniş olsa, o, üzərinə düşən missiyanı o qədər yaxşı yerinə yetirəcək».
Səxavət Məmməd