!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlayn mediaya dövlət dəstəyinin verilməsinin “bəxti niyə açılmır”? - “KİVDF çap mətbuatı üçün süni nəfəs aparatı funkisiyasını yerinə yetirir”

!Reklam – Yazi

Milli mətbuatımızın 144-cü ildönümü ərəfəsində mediaya dövlətdən maliyyə dəstəyinin ayrılması məsələsi ətrafında müzakirələr yenidən vüsət alıb. Bu barədə fikir bildirən nüfuzlu media ekspertləri arasında müəyyən fikir ayrılıqları olsa da, əksəriyyət mətbuata dövlətdən maddi dəstək verilməsinin zəruriliyi qənaətindədir. Ancaq dövlət maliyyəsinin çap, yoxsa onlayn mediaya ayrılması məsələsi mövcud mübahisələri daha da dərinləşdirir.

Müşahidələrə əsasən, deyə bilərik ki, sözünün çəkisi olan jurnalistlər çap mətbuatı ilə müqayisədə onlayn mediaya dövlət maliyyəsi ayrılmasının daha məqsədəuyğun olduğunu bildirirlər. Mövzunun aktuallığını nəzərə alaraq, onlayn medianın dövlət maliyyələşməsinə cəlb olunması məsələsini tanınmış media mütəxəssisləri ilə müzakirə etdik.

Bu barədə Yenicag.az-a danışan professor Qulu Məhərrəmli medianın dövlətdən maliyyələşməsinin əleyhinə olduğunu bildirib. Onun fikrincə, mətbuat üçün dövlətin ayırdığı maliyyə dəstəyi onun inkişafına təsir göstərmir:

“Biz bunları deyirik, qərəz kimi qəbul edirlər. Azərbaycanda bir dənə populyar qəzet yoxdur ki, cəmiyyətin problemlərini qaldırsın, camaat ondan informasiya alsın, oradan maraqlı araşdırmalar oxusun,. Hesab edirəm ki, KİV-lərin dövlət tərəfindən maliyələşdirilməsi gözəl bir addımdır, jestdir. Ancaq təəssüf ki, bu, medianın inkişafına gətirib çıxarmadı.

Açığı, mediaya pul ayrılmağın tərəfdarı deyiləm. Mediaya pul ayırıldıqca, o daha susqun olur, cəmiyyətin arxasınca daha çox sürünür və öz funkisyasından uzaqlaşır. KİVDF tərəfindən saytlara pul ayrılması isə məncə, xaos yaradacaq. Yaxşı olar ki, reklam bazarı inkişaf etdirilsin, maraqlı saytlar olsun”.

Bəhs olunan mövzuya dair Yenicag.az-a açıqlama verən tanınmış jurnalist Seymur Verdizadə Azərbaycanın çap mətbautını “süni nəfəs aparatına qoşulmuş xəstə”yə bənzədib:

“Neçə illərdir ki, çap mətbuatı üçün süni nəfəs aparatı funkisiyasını KİVDF yerinə yetirir. Tam əminəm ki, sabah dövlətin ayırdığı maliyə dayandırılsa, bu gün Azərbaycanda mövcud olan qəzetlərin ən azı 90%-i fəaliyyətini dayandıracaq. Çap mətbuatının dövrünün keçdiyini düşünən adamlardanam. Proses buna doğru gedir.

Bir-birimizi aldatmağa ehtiyac yoxdur. Ona görə də, onlayn medianın gücləndirilməsinə çalışmalıyıq. Dövlətdən ayrılan maliyyənin tam olaraq, onlayn mediaya yönəltməyin tərəfdarıyam – bir şərtlə ki, ədaləti seçim olsun. Hazırda çap mətbuatına ayrılan vəsaitin ədalətli bölündüyünü deyə bilmərəm.

Hesab edirəm ki, KİVDF-dən ayda 20 min manat alan qəzetlərdən bəzilərinin heç aylıq 2 min oxucusu yoxdur. Orada işləyən həmkarlarımızın işsiz qalmaması üçün açıq, nümayəşkəaranə şəkildə buna etiraz bildirmirəm”.

Yenicag.az-a açıqlamaısnda müzakirə olunan məsələyə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə KİVDF-nin ədalətsiz bölgü aparmasına dair iddialarla razı deyil. O, qeyd edib ki, üzdə olan, ictimai rəyə təsir imkanı olan qəzetlər Fonddan maliyyə dəstəyi alırlar. Bununla belə, Azər Həsrət belə hesab edir ki, onlayn mediaya dövlət dəstəyinin göstərilməsi prosesi sürətləndirilməlidir:

“Görünür, dövlət hələ ki, qəzetlərin ayaqda qala biləcəyinə daha çox inanır. Ola bilsin, hələ də köhnə nəsildən olan, kağız üzərindən indormasiya oxuyan insanları nəzərə alaraq, çap mediasına pul ayrılması davam etdirilir.

Neçə ildir, inandırmağa çalışırıq ki, qəzetlərə ayrılan maliyəni dayandırmağın artıq vaxtıdır. Həmin maliyyəni o qəzetlərin internet saytlarına yönəltmək daha effektli olar. Bu, vacib məsələdir.

O cümlədən, qəzetlərin saytlarından başqa digər güclü alternativlərə də dövlətdən maliyyə ayrılması işin xeyrinə olardı. İndiki mərhələdə dövlət KİVDF-yə ayrılan maliyyənin çap mediasına yönləndirilməsini arxa plana çəkməlidir. İlin əvvəlində buna cəhd edilsə də, sonradan qəzetlərin maliyyələşdirilməsi davam etdirildi.

 

Bu prosesi sürətləndirmək lazımdır. Azərbaycan informasiya müharibəsinin içindədir. Onlayn resuslara çox ciddi ehtiyacımız var. Xüsusən də, xarici dillərdə yayımla məşğul olan onlayn mediaya ciddi ehtiyac duyulur. Belə bir şəraitdə dövlətin maliyyəsi özünü cəmiyyət içində təsdiqləmiş, ciddi jurnalistika məhsulları olan onlayn mediaya verilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

3736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv