Reklam: High Technic
hightechnic

“Online” alış-veriş fırıldağı… - günahkarı harda axtarmalı?

Azərbaycanda “Online” alış-veriş 1990-cı ildə yaranıb. “Online” alış-veriş internetdə nəsə satmaq və bu xidmətdən yararlanmaq deməkdir. Alıcıdan sadəcə, malı bəyənməsi və sifariş etməsi tələb olunur. Məhsulun ünvana çatdırılması zamanı isə yaranan hər hansı problemə görə məsuliyyəti sahibkar daşıyır. Əgər nəzərdə tutulan məhsul ünvana çatdırılmazsa, alıcının ödədiyi məbləği sahibkar geri qaytarmalıdır. Əksər insanlarda isə qəribə bir əminlik var: “online” satış fırıldaqçı insanların həyata keçirtdiyi prosesdir”.

Əslində, insanların bu cür düşünməsi əsassız deyil. Çünki bu kimi hallar və problemlər dəfələrlə baş verib. Hətta onlayn saytlardan normal alış-veriş ediləndə belə alınan məhsulun keyfiyyəti ona verilən pula dəyməyib. Bu halda isə məbləği almaq və məhsulu geri qaytarmaq şansı da olmur. Bəzən də onlayn ödəmə ilə alınan mal gəlib çıxmır. Saytda qeyd olunan ünvanla əlaqə saxlayanda isə zəng və ünvanlanan mesajlar cavabsız qalır. Bir sözlə it də gedir, ip də…

Yeniçağ.az olaraq bu kimi baş verən hallara aydınlıq gətirmək üçün araşdırmalara başladıq.

Məsələn, ödəmə sistemi olaraq GoldenPay. Bu sistem nədir? Niyə, məhz bankların özündə sadələşmiş sistem yoxdur?

Bu kimi suallara cavab almaq üçün GoldenPay onlayn ödəmə sistemi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat xidməti Elnur Rüstəmzadə bildirdi ki, bizdə bundan başqa hesab.az portalımız da var:

“Orada müştəri qeydiyyatdan keçir, ödənişlər edə bilir. Nağd ödənişlərin, internet ötürücünün, bank kreditlərinin, yəni bu kimi xidmətlərin hamısı MasterCard-la ödənilir. Yəni müştəri evdən çıxmadan ödəniş edə bilir. Sistemə gəldikdə isə, UNİBANK və Bank of Bakuda da belə bir sistem var, ancaq bizdə hamısı bir yerdədir. Bura yalnız Azərbaycanda fəaliyyət göstərən saytlar qoşulur, yəni xarici saytlara heç bir aidiyyatımız yoxdur. Onu da qeyd edim ki, bizdə əlavə heç bir faiz tutulmur. Yalnız bəzi bankların kredit ödənişlərində orada məbləğdən asılı olaraq 1 manat çıxılır. Ancaq heç bir ödənişlərdə faiz tutulmur”.

Daha sonra məsələ ilə bağlı internet üzrə mütəxəssis Vahid Qasımov danışdı:

“GoldenPay normal sistem olduğu üçün məhz onunla əməkdaşlıq edirik, çünki xidmətlərin çoxu orada cəmləşir. Mənim Hesab.az-da hesabım var, bir portala daxil olub, bütün ödənişlərimi oradan edirəm. Eyni zamanda oranın supportu yaxşıdır, sutka ərzində, zəng edib, məlumat almaq olar. Elektron ödənişlərində pulun qaytarılması istisna haldır. Normalda pul mal və ya xidmətlə əvəz olunmalıdır. Mal və ya xidmətin gecikməsi, lazımi keyfiyyətdə olmaması məhkəmə mövzusudur və tez nəticələnə bilməz, bu, normaldır. Eyni zamanda pulun qaytarılması və ya buna etiraz olunması VİSA-nın şərtlərinə görə 40 gün ərzində baş verə bilər. Bu müddət bitəndən sonra pul geri qaytarılmır. Faizin tutulmasına gəldikdə isə, baxır o faizi kim tutur. Merhcant (elektron ödənişi təşkil edən şirkət) faiz tutursa, bu, xidmət haqqıdır, müqaviləyə əsasən həyata keçirilir. Yox, əgər faizi bizdəki kimi dövlət və ya bank tutursa, bu, əslində qeyri-qanunidir. Qanunvericiliyi dəyişdirib, ona hüquqi don geyindirmək, sadəcə, ölkədəki antidemokratikliyi göstərir.

Maldan imtina üçün səbəb olmalıdır. Onlayn ödəniş edilib, mal hələ gəlib çatmayıbsa, heç bir şey imtina ola bilməz. İnsan öz istəklərinə sahib ola bilmirsə, nə sayt, nə də bank bu məsələdə məsuliyyət daşımır. Bu, istifadəçi səhvidir. Əgər son puludursa, onu niyə ehtiyacı olmayan nəyəsə ödəyir?! Bəyənmirsinizsə, öz bankınızı açıb və öz VİZA-nızı qurub, istifadə edin”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

170