Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Onu da direktor təyin edirlər ki, get, təhsili dağıt” – İstiqlalçı deputatdan sərt açıqlama

“Məktəb direktorlarının əksəriyyəti təhsillə bağlı olmayan, bu sahəni bilməyən adamlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin təhsil sahəsindəki mövcud vəziyyəti dəyərləndirən istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov deyib.

Professorun fikrincə, təhsil sahəsində yaranmış acınacaqlı vəziyyət ölkənin ümumi problemlərinin tərkib hissəsidir:
“Çox təəssüf ki, bütün Azərbaycan intihar həddindədir. Ona görə ki, dövlət qurumlarının çoxu iflic vəziyyətindədir və məmurların əksəriyyəti dövlətə, xalqa deyil, ciblərinə xidmət edirlər, gecə-gündüz oğurluqla məşğuldurlar.

Bu üzdən, əksər sahələrdə, xüsusilə də təhsil sahəsində vəziyyət acınacaqlıdır, təhsil və elm sistemi məhv edilib. Mən bu fikirləri ilk dəfə indi demirəm, on beş-iyirmi il əvvəl də vəziyyətin dözülməzliyini bildirirdim. Qeyd edirdim ki, xalqı diz çökdürmək üçün təhsil və elm sistemini dağıdırlar.

Aydın məsələdir ki, hər bir xalqın və dövlətin inkişafı onun elminin, təhsilinin səviyyəsindən asılıdır. Elmə qayğı göstərən ölkələr hər zaman çiçəklənir.

Lakin Azərbaycanda mühüm vəzifələrə yerləşdirilmiş Rusiyanın “5-ci kolon”una mənsub olan məmurlar ölkənin inkişafına, rifahının yüksəlməsinə yox, xalqın vəziyyətinin get-gedə pisləşməsinə xidmət edirlər.

Bu, Rusiya imperializminin Azərbaycanda həyata keçirdiyi məqsədli siyasətdir. Eynilə Qərb ölkələrinin də Azərbaycanın inkişafında marağı yoxdur. Çox təəssüf ki, bu barədə düşünən yalnız müəyyən qüvvələrdir. Özlərini müxalifət adlandıran bəzi partiyalar da bu barədə danışmaqdan çəkinirlər. Amma özlərinə lazım olanda, mənfur məmurlarla sazişə gedirlər və nəticədə ölkəyə ziyan vurulur.

Təhsildəki vəziyyət də ölkədəki böyük problemlərin bir hissəsidir. Təhsil niyə bu vəziyyətdədir? Çünki müəllimə maaş verilmir, ona diqqət göstərilmir və sair. Məktəb direktorlarının əksəriyyəti isə təhsillə bağlı olmayan, bu sahəni bilməyən adamlardır.

Pulu var, yüksək vəzifədə yaxın adamı var, təyin edirlər ki, get, məktəbdə rüşvət yığ, təhsili dağıt. Baxın, iyirmi yeddi ildir Azərbaycanın müstəqilliyi bərpa olunub, amma rus məktəblərinin sayı azalmaq əvəzinə artır. Bu, nəyin işarəsidir? Bu, Rusiyanın öz adamları vasitəsilə Azərbaycana qarşı təzyiqidir ki, ölkədə ruslaşdırma siyasəti davam etməlidir.

Nəyə görə 2006-cı ildə Milli Məclisin antimilli qərarı ilə Azərbaycanın dövlət müstəqilliyi gününü iş günü elan etdilər? Dünyanın bütün ölkələrində müstəqillik günü dövlətin əsas bayramıdır. Bizdə isə bu bayram keçirilmir, iş günü ediblər. Bütün bunlar təsadüfdür? Qətiyyən!”

A.Zeynalov

www.yenicag.az

2307