Beynəlxalq Yüngül Atletika Federasiyasının (İAAF) hüquqşünasları qeyri-adi vəziyyətlə üzləşib.
Yenicag.az xəbər verir ki, hüquqşünaslar qadınlar arasında 800 metr məsafəyə qaçış üzrə ikiqat Olimpiya çempionu Kaster Semenyanın bioloji baxımdan kişi olduğunu sübut etməlidir.
İAAF bu məsələ ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb. Federasiyanın qəbul etdiyi yeni qanuna görə, bədənində testosteron maddəsi normadan yüksək olan qadın idmançılar yarışa buraxılmayacaq. Belə idmançılar harmonların səviyyəsini xüsusi dərmanlarla aşağı salandan sonra yarışa bilərlər. Qərar cənubi afrikalı idmançının qadınlarla birgə yarışmasının qarşısını alır. Federasiya 2017-də Semenyadan harmonal müalicə almasını tələb etmişdi. Buna cavab olaraq idmançı Arbitraj Məhkəməsinə müraciət edib. Hüquqşünaslar müalicədən imtina edən, lakin qadınlar arasında yarışmaqda israrlı olan Semenyanın kişi sayılmasını təsdiq etməyə çalışacaq.